XƏBƏRLƏR

“Oxu zalı”nda “Müəllim günü”nə həsr olunmuş tədbir keçirilib

15 oktyabr, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) “Oxu zalı”nda universitetin İngilis dilinin üslubiyyatı və leksikologiyası-2 kafedrasının müdiri dosent Mehriban Hüseynova və həmin kafedranın baş müəllimi Gülşən Məhərrəmovanın təşkilatçılığı ilə Təhsil fakültəsinin III kurs 304 A qrup tələbələrinin iştirakı ilə “Müəllim günü”nə həsr olunmuş tədbir keçirilib.

 Tədbir Azərbaycan Respublikasının Dövlət himnin səsləndirilməsi ilə açıldı. Tələbələr multikultural bir cəmiyyətdə təhsil almaqdan duyduqları məmnuniyyəti ifadə edərək, 16 fərqli ölkənin təmsilçisi kimi həmin ölkələrdə müəllim və müəllimin cəmiyyətdəki rolu haqqında ingilis dilində məlumat vermiş, bu xalqların dillərində müəllim haqqında hikmətli kəlamlar və təbriklər səsləndiriblər.

 Ümummilli lider Heydər Əliyevin müəllim haqqında dediyi “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram” fikri tədbirin devizi kimi səsləndirilmişdir. Gələcəyin müəllimləri Qarabağ torpaqlarının azad olmasını, orda yeni məktəblərin, təhsil ocaqlarının, elm məbədlərinin titkilməsini, ilk dərslərini Qarabağda keçmələrini arzu ediblər.

  Sonda  tələbələr əlamətdar gün münasibətilə universitetin rektoru akademik Kamal Abdulla başda olmaqla bütün müəllimləri təbrik ediblər.

  Tədbirdə Filologiya fakültəsinin III kurs üzrə dekan müavini, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının əməkdaşları və tələbələr iştirak ediblər.