XƏBƏRLƏR

“Dünyada rus dili səfirləri” ADU-da olublar

08 oktyabr, 2018

A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun Beynəlxalq könüllülük proqramı-“Dünyada rus dili səfirləri” layihəsi çərçivəsində 2 nəfər rusiyalı könüllü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və  Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə cari ilin 27-28 sentyabr tarixlərində Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Formunda iştirak etmək üçün Azərbaycanda səfərdə olublar.

Səfərləri zamanı Azərbaycan Dillər Universiteti və A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasındakı əməkdaşlığa əsasən universitetdə olan rusiyalı könüllülər-Belqorod Milli Araşdırma Dövlət Universitetinin məzunu Olesya Şkreba və M.Akumullı adına Başkir Dövlət Pedaqoji Universitetinin tələbəsi Aygül Şamsutdinova ölkələrarası dil və mədəniyyət sahəsində mübadiləni həyata keçirmək üçün rus dilinin öyrədilməsi üzrə innovativ təlimlərdə interaktiv şəkildə maarifləndirici oyunlar, mahnılar, video-təqdimatlarla rus dili və mədəniyyətinin mənimsənilməsində yardım göstəriblər.

Layihə çərçivəsində ADU-da “Rus dilində dialoqlar” mövzusunda viktorina keçiriblər. Viktorinada ADU-nun tələbə və müəllim heyəti iştirak edib. Viktorina iştirakçıları 1 müəllim və 7 tələbə qrupu olmaqla, hər qrupda 7-12 nəfərlik komandalara bölünüblər. Rusiya mədəniyyəti, tarixi, ədəbiyyatı və dili haqqında mövzular daxil olmaqla, hər bir mövzuya aid 5 sualı cavablandırıblar. 45 saniyə müddətində sualları cavablandıran komandalar arasında ilk üçlüyə daxil olan qaliblər mükafatlandırılıb. Viktorinada iştirak edən 80 nəfər sertifikatla təltif olunub.

Maarifləndirici ekspedisiyanın təşkilində birgə fəaliyyətinə görə A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun rektor Marqarita Rusetskaya tərəfindən ADU-nun rektoru akademik Kamal Abdullaya, “Rusiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratiyasının (ETL) müdiri professor Məmməd Əliyevə, mərkəzin böyük elmi işçisi Diana Hüseynzadəyə təşəkkürnamə verilib.

Qonaqlar Azərbaycan Xalça Muzeyi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Rus Kitab Evi və digər görməli yerləri ziyarət edib, ölkəmizin adət-ənənələri ilə tanış olublar.