XƏBƏRLƏR

"Azərbaycan Dillər Universiteti haqqında böyük qürur hissi ilə danışır, onu təbliğ edirəm" - 680 bal toplayan tələbəmiz

04 oktyabr, 2018

"Azərbaycan Dillər Universitetini seçməyimə peşman deyiləm. Əksinə, böyük qürur hissi duyuram. Yuxarı kurs tələbələrinin, işçi  və müəllim heyətinin isti münasibəti mənim ADU-ya qarşı olan sevgi və hörmətimi hər gün daha da çox artırır. Bakalavr təhsilimdən sonra magistratura təhsilimi də elə bu universitetdə davam etdirmək qərarına gəlmişəm. Belə bir müəllim heyətini dörd il ərzində kəşf etmək mümkün deyil". 

 Aytac Eyyubova bu il 680 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin Xarici dil müəllimliyi (İngili dili) ixtisasına qəbul olunub. 2001-ci ildə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olan Aytac 2007-ci ildə qəsəbənin 1 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub.

  Aytac deyir ki, məktəbə getdiyi ilk gündən yaşıdları arasında intellektual səviyyəsinə görə seçilib. Məktəb dövrü ərzində bir çox uğur və nailiyyətlər əldə edib, müxtəlif  bilik yarışmalarında, olimpiadalarda iştirak edib, diplom və sertifikatlarla təltif edilib. Boş vaxtlarında şeir yazmağı, müxtəlif şairləri oxumağı sevir. “Dərs yorğunluğumu aradan qaldırmaq üçün ən sevdiyim məşğuliyyət musiqiyə qulaq asmaqdı. Əsasən də klassik musiqiləri dinləməyi çox sevirəm”, - deyir, Aytac.

  Əlavə edir ki, ailədə dörd nəfərik: atam, anam, qardaşım və mən: “Atam çilingər, anam təhsil aldığım məktəbə rus dili müəlliməsi işləyir. Qardaşım isə 4-cü sinif şagirdidir. Ailəmlə vaxt keçirməyi çox sevirəm. Həyatda ən dəyər verdiyim şəxs atamdır. Onları uğurlarımla sevindirməkdən qürur duyuram. Həyatımdakı uğurlarımdan biri 11 illik təhsilimi əlaçı başa vurmağımdır. Belə ki, məktəbi fərqlənmə ilə bitirmişəm. Ancaq təbii ki, ən böyük uğurum qəbul imtahanında 680 bal toplamağım oldu. 11 il əvvəl həmyaşıdlarım məktəbə eyni bilik səviyyəsində gəlmişdi. Lakin 11 il çox şeyi dəyişir. Kimi bu 11 il ərzində zirvəyə doğru uğurla addımlayır, kimi isə sadəcə, onları izləyir. Nə xoşbəxt mənə ki, Vəndam qəsəbəsi üzrə birinci, Qəbələ rayonu üzrə isə üçüncü yerə çıxdım. Qarşımda böyük bir seçim var idi. Respublikanın bütün universitetlərinin üçüncü ixtisas qrupu üçün ayrılmış dövlət sifarişli yerlərinə qəbul olmaq imkanım var idi. Topladığım bal buna yetərincə imkan verirdi. Anlayırdım ki, gələcək həyatım verəcəyim qərarla bağlıdır. Düzgün seçimim məni doğru gələcəyə aparan ilk pillədir. Universitetlərin və ixtisasların seçimi zamanı müəllimlərim, valideynlərim və mən çox düşündük. Universitetlər arasında kiçik bir araşdırma apardım və Azərbaycan Dillər Universitetinin gənclərə dəstəyin necə yüksək səviyyədə olduğunu gördüm. Unutmaq olmaz ki, ədalətli hüquqşünası, uzaqgörən siyasətçini, savadlı tərcüməçini də müəllim yetişdirir. Digər universitetlərin yuxarı kurs tələbələrindən fərqli olaraq ADU tələbələrinin yalnız xoş sözlərini eşitdim. Yuxarı kurs tələbələrinin məsləhətləri də mənim ADU-nu seçməyimdə böyük rol oynadı. Universitet haqqında bu qədər müsbət düşünməyimə baxmayaraq, içimdə qəribə bir narahatlıq var idi. Qrupdakı tələbələrin aşağı ballı olacağından qorxurdum”.

Amma sentyabrın 15-də çıxan elan Aytacın bu narahatlığına son qoyub. Belə ki, 101 A qrupunda ən yüksək bal toplayan (680) o, ən aşağı bal toplayan isə Fətullayev Vaqifdir (659): “Qrupdakı tələbələrin yüksək ballı olmağı seçdiyim ixtisasıma olan sevgimi birə on artırdı. Gənclərə dəstəyin bu qədər böyük olduğunu düşünmürdüm. Lakin universitetə gəldiyim ilk gündən bəri idarəçilikdə gənclərin necə böyük rol oynadığını gördüm. Bu hal məni dərslərimə, müəllimlərimə daha da çox bağlayır. İşçi heyətinin səmimi münasibəti isə ADU-nu digər universitetlərdən fərqləndirən əsas əlamətlərdəndir. Digər tanışlarım öz universitetlərindən ümidsiz və ürəksiz danışdıqları halda, mən Dillər Universiteti haqqında böyük fəxr və qürur hissi ilə danışır, yeri gəldikdə, onu təbliğ etməkdən, tanıtmaqdan, abituriyentləri buraya cəlb etməkdən çəkinmirəm. Çünki abituriyentlərə verdiyim ümidin boşa çıxmayacağına əminəm.

  Dərslərimiz çox axıcı keçir. 80 dəqiqə ərzində müəllimlər o qədər maraqlı dərs izah edib başa salırlar ki, vaxtın necə keçdiyini bilmək olmur. Ən əsası I kurs olmağıma baxmayaraq, universitet mənə yad gəlmir. Yuxarı kurs tələbələrinin, işçi  və müəllim heyətinin isti münasibəti mənim ADU-ya qarşı olan sevgi və hörmətimi hər gün daha da çox artırır. Başqa universitetlərdən fərqli olaraq ADU-da müəllimlər özlərini sirli saxlamağa çalışmırlar. Əksinə, tələbələrə hər cür dəstəyi göstərirlər. Bu yaxınlarda keçirilən iclasda rektorumuz akademik Kamal Abdulla ilə birbaşa ünsiyyət qurduğum üçün fəxr və qürur hissi duyuram. Belə böyük bir şəxsiyyətin mənə “universitetimizin fəxri” deməyi gələcək uğurlarımdan söz edir”.

  Aytacın gələcək arzularından biri də bakalavr təhsilindən sonra magistratura təhsilini Azərbaycan Dillər Universitetində davam etdirməkdir: “Belə bir müəllim heyətini dörd il ərzində kəşf etmək mümkün deyil. Universiteti çox sevdim, ADU-ya güvənirəm. Gələcəkdə ixtisasıma mükəmməl yiyələnib bu universitetdə müəllim işləmək şərəfinə nail olmaq başlıca məqsədimə çevrilib. ADU-nu seçməyimə peşman deyiləm, əksinə böyük qürur hissi duyuram. Nə yaxşı ki, ADU kimi bir universitet ölkəmizdə mövcuddur. Və ADU-nun tanıtım çarxlarını izlədikdən sonra belə bir nəticəyə gəldim ki, ADU öz işini sözdə yox, əməldə göstərməyi bacarır. Boş vədlərə inanıb yanlış universitet seçmək böyük xəta olardı. ADU ilə yüksəlmək böyük şərəfdir. Mən fəxr duyuram ki, akademik Kamal Abdullanın rektoru olduğu ADU-nun tələbələrindən biriyəm. Bundan sonrakı tələbəlik və iş həyatımı ADU ilə qurmaqdan zövq duyaram. ADU-nun adını bacardığım qədər yüksəldəcəyimə, bütün əmək və biliklərimi bu yola həsr edəcəyimə söz verirəm”.

  Və Aytac Eyyubova fikirlərini belə yekunlaşdırıb: “İsti münasibətə, yüksək qayğıya görə çox sağ ol, ADU!”