XƏBƏRLƏR

Kamal Abdulla: “Gənclər universitetimizin imicini görür və qiymətləndirir”

19 sentyabr, 2018

Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilinin başlanması və “Bilik Günü” münasibəti ilə tədbir keçirilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın tədbirdəki çıxışını təqdim edirik.

Əziz həmkarlar! Yeni dərs ilinizi təbrik edir, hamınıza cansağlığı, könül xoşluğu və səadət arzulayıram. Dünən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin kollegiyasında cənab nazir Ceyhun Bayramov da yeni dərs ilinin başlaması ilə bağlı öz təbriklərini həmkarlarımıza çatdırmağı xahiş etdi. Mən onun da təbriklərini sizə çatdırıram. Bu dərs ili hamımız üçün müvəffəqiyyətli olsun.

Bildiyiniz kimi biz yeni dərs ilinə hazırlıq işlərimizi demək olar ki, tamamlamışıq.

Əziz dostlar, yaxşı bilirsiniz ki, artıq ilyarımdır mən sizinlə bir yerdə işləyir, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin mənə göstərmiş olduğu etimadı doğrultmağa çalışıram. Biz bir çox uğurlar əldə etmişik. Mən bunu hamımızın, burada əyləşən hər bir kəsin - adi müəllimdən, xidmətçidən tutmuş, prorektora qədər hamının  birgə əməyinin məhsulu sayıram. Görülən işlər az deyil. Ötən tədris ilində nələrin baş verdiyinə ümumi nəzər yetirmədən, yeni inkişaf perspektivlərini müəyyənləşdirmək çətin olar. Ötən tədris ilində mənim aləmimdə baş verən ən vacib məsələləri bir daha yaddaşımızda canlandırmağa çalışacağam. Ən böyük məsələlərdən biri pedaqoji təcrübə ilə bağlı bizim tələbə və müəllimlərimizin qaçqın məktəblərinə getməsi, qaçqın məktəbliləri və kollektivi ilə bir yerdə pedaqoji təcrübəni həyata  keçirməsidir. Bu, çox böyük pedaqoji, hətta deyərdim, siyasi bir hadisə idi. Belə güman edirəm ki, məcburi köçkün məktəblərinin kollektivi ilə əlaqə şagirdlərimizin, tələbələrimizin, gələcək məzunlarımızın, müəllimlərimizin, həm də həmin kollektivlərin həyatında silinməz izlər buraxdı. Bu, çox vacib bir ictimai borcdur ki, bizim müəllimlərimiz onu ləyaqətlə yerinə yetirdilər. Ən əsas məsələ isə ondan ibarətdir ki, biz öz işimizi təkcə tələbələrin o məktəblərə getməsi ilə məhdudlaşdırmadıq. Bizim kafedralarımız, dekanlıqlarımız o məktəblərə getdilər, uşaqlarla, müəllimlərlə əlaqə yaratmağa çalışdılar və buna nail oldular. Biz bunun nəticəsini bura gələn məktəblilərin simasında gördük, məktəb direktorlarının sözlərində eşitdik və əlbəttə bu, bizim hamımızın birgə əməyinin nəticəsi oldu. Bu, çox böyük bir vətəndaş hünəri idi. Müəllimlərimizin və tələbələrimizin birmənalı şəkildə ora getmək arzuları, həvəs və istəklərinin şahidi olduq. Videoçarxlara baxanda biz bir daha əmin olduq ki, işimiz, qurduğumuz bu proyekt universitetin mənəvi inkişafı, mənəvi iqlimi üçün son dərəcə faydalı və lazımlıdır. Ümumiyyətlə, bu addım Azərbaycandakı mənəvi iqlimin daha da möhkəmlənməsi, məcburi köçkünlərlə əlaqənin yaradılması üçün dövlətimizə göstərdiyimiz böyük bir xidmət oldu.

May ayı ərəfəsində biz böyük bir proyektə başladıq. Ulu öndərimiz Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bu proyekt çox möhtəşəm idi. Böyük bir coğrafi və mənəvi məkanı əhatə edirdi. 11 ölkədə və 15 universitetdə biz ulu öndərimizin 95 illik yubileyini keçirdik. Sizin iştirakınızla Azərbaycan Dillər Universitetində bu tədbiri başladıq, plenar iclas burada keçirildi. Siz xarici universitetlərin nümayəndələrini həm əyani şəkildə gördünüz, həm də videoçarxda seyr etdiniz. Sonra isə seksiyalar 11 ölkənin universitetlərində baş tutdu. Bizim universitetin göndərdiyi nümayəndələrlə yerli universitetlərdəki həmkarlarımız bir yerdə ulu öndərimizin xatirəsini yad etdilər və onun dünya siyasətində, dünya liderləri arasında yerini dəqiq müəyyənləşdirdilər. Bilirsinizmi, bu, Azərbaycanda ilk belə konfrans təcrübəsi idi. İlk dəfə idi ki, konfransın başlanğıcı bir yerdən başlayırdı, seksiyaları isə 11 ölkəyə səpələnmişdi. Və eyni mövzu ətrafında yaxın istiqamətlər bir-birilə görüşürdü. Bax, bu mənada ulu öndərimizin 95 illiyi ilə bağlı gördüyümüz iş universitetin tarixinə əbədi yazılacaq bir hadisədir. Son plenar iclasda da həmin universitetlərin rektorlarının - Ukraynadan, İtaliyadan, Rusiyadan, Gürcüstandan, Serbiyadan və başqa ölkələrdən gələn rektorların - burada görüşmələri bizim universitetin intellektual, pedaqoji və elmi bir fokus kimi digər universitetlərlə əlaqəsini həm tənzim edir, həm perspektivləri bir daha ortaya qoyur, eyni zamanda əlaqələrini möhkəmləndirir. Bu, çox böyük bir hadisə idi və güman edirəm, bu hadisə onu həyata keçirənlərin də, onu həyata keçirənlərin yanında olanların da yaddaşına əbədi yazıdı.

  Bilirsiniz ki, bizim universitetin bir çox mərkəzləri var. Mən öz qarşıma və həmkarlarımın qarşısına belə bir vəzifə qoydum ki, əgər başqa ölkələrin dilini, mədəniyyətlərini tarixini biz burada təbliğ ediriksə, öyrəniriksə, niyə də həmin ölkədə eyni hadisə güzgü effekti ilə baş tutmasın?! Qarşıya məqsəd kimi qoyduq ki, bu istiqamətdə çalışaq. Dəfələrlə həmin ölkələrin səfirləri ilə görüşdük. Burada bizim mərkəzlərin nümayəndələri iştirak edirlər. Onlar çox ciddi və böyük bir işin altına girdilər. Mən buna görə onlara təşəkkür edirəm. İndi artıq bu istiqamət bir tendensiya halını almaqdadır. Çində, Serbiyada Azərbaycanşünaslıq Mərkəzi yarandı, Hindistanda, Macarıstanda Rumıniyada və başqa ölkələrdə də Azərbaycanşünaslıq Mərkəzi yaranmaqdadır. Bu, vətənimiz Azərbaycan qarşısında borcumuzun bir hissəsinin yerinə yetirilməsi, vətəndaşlıq missiyamızın həyata keçməsi deməkdir. Və bunun ən bariz nümunəsini biz öz universitetimizdə Serbiya Mərkəzinin açılışında gördük. Böyük bir iftixar hissi ilə qeyd etmək istərdim ki, bu, Azərbaycan Dillər Universitetinə ölkə prezidenti tərəfindən yeni bir etimadın göstəricisi idi. Cənab prezident öz qonağı olan Serbiya Prezidentini məhz bizim universitetə qonaq kimi göndərdi, biz onu burada qarşıladıq, fəxri doktor adına layiq gördük. Eyni zamanda Serbiya Mərkəzinin açılışında Serbiya Prezidentinin özü iştirak etdi. Bu universitetin çox ciddi siyasi bir addım atması demək idi. Universitet tarixində ən maraqlı və yaddaqalan hadisələrdən biri də yeni fakültənin - İxtisasartırma fakültəsinin yaradılması oldu. Bildiyiniz kimi müəllimlərimizin daima inkişaf etməsi üçün sadəcə onların öz üzərlərində işləmələri kifayət deyil. Onlar gərək başqa mühitlərə düşsünlər, başqa auditoriya və ölkələrdə  öz fənlərinin hansı diqqət, maraq əhatəsində olduğunu bilsinlər. Məsələn, ingilis dilinin metodikasını tədris edən müəllim bu məsələnin Belarus Dillər Universitetində nə cür qoyulduğunun şahidi olsun. Kiyevdə Linqvistik Universitetdə, yaxud Moskvada, ya da Fransada fransız dilinin metodikası ilə bağlı nə işlər görülür, nəyi görmək istəyirlər, onunla tanış olsun. Ona görə də biz böyük bir proyektə yenə başladıq. İxtisasartırma fakültəsi yaratdıq və onun ilk qaranquşları artıq Belarusda Minsk Universitetində bir aylıq stajartırmada iştirak edib, geri qayıtdılar. Və növbədə Ukrayna, Çin, Rusiya başqa ölkələrdir. Mənə elə gəlir, biz öz  müəllimlərimizin hər birini heç olmasa, 5 ildən bir müxtəlif ölkələrə, ya bir aydan üç ayadək, ya bir semestr müddətində stajartırmaya göndərmək sxemini, mexanizmini qurmalıyıq.

 Bu müddət ərzində başqa işlər də çox olub. Bizim burada keçirdiyimiz konfranslar, dəyirmi masalar olub, çoxlu qonaqlarımız, səfirlər gəliblər. Macarıstanın səfiri gəlmişdi. Macarıstanda Azərbaycan Mədəniyyət Mərkəzinin açılması ilə bağlı fikir mübadiləsi aparırdıq və burada macar dilinin tədrisinin davam etdirilməsi ilə bağlı fikirlərimizi bir-birimizə söylədik. Bu ölkələrlə, yəni bizdə mərkəzləri olan ölkələrlə əlaqələrimiz get-gedə artır. Burada mən bizim mərkəzlərin son dərəcə nizamlı, intizamlı və saat kimi dəqiq işləməsini qeyd etməyə bilmirəm. Bu sözlər Yaponiya Mərkəzinə, Koreya Mərkəzinə, İndoneziya Mərkəzinə, Konfutsi İnstitutuna, Frankofoniya Mərkəzinə, Amerika Mərkəzinə aiddir. Bizim mərkəzlərimiz həm səfirliklər, həm universitetlər, həm də tələbələrlə əlaqələrini doğru qururlar. Amma mən istərdim ki, mərkəzlərimizdən daha çox şey gözləyək. Bu mərkəzlər bizim başqa proyektlərimizdə də iştirak etməlidir. Biz tədrisdən əlavə geniş kütlələrə xidmət etmək mexanizmini qurmalıyıq. Təəssüf ki, bunu könül istəyən kimi qurmaq mümkün olmur. Hansısa maneələr çıxır ortaya, naşılıqlar özünü göstərir, bir az başqa münasibətlər üzə çıxır. Ona görə də mərkəzlərin fəaliyyəti həm də bu istiqamətdə qurulmalıdır. Bəlkə küçədən keçən bir vətəndaş, yaxud tamamilə başqa bir istiqamətdə çalışan vətəndaş Çin dilini öyrənmək istəyir. Bu, neynəməlidir? O niyə yağışdan sonrakı göbələklər kimi orada-burada artan kurslara getsin? Bizdə axı, həqiqi mütəxəssislər var. Biz Çindən, Yaponiyadan, Koreyadan müəllimlər dəvət edirik. İndoneziyadan, az qala səfir gəlib burada dərs deyir. Onu demək istəyirəm ki, bizim mərkəzlər bu istiqamətdəki fəaliyyətlərini son dərəcə aktivləşdirməli və boşluğu - o boşluq bizdə var - doldurmalıdır. Mən bu istiqamətdə onlardan çox şey gözləyirəm.

Siz indi bu gün bu zala daxil oldunuz, bu zalda olan dəyişikliklər xoşunuza gəldi, gəlmədi, bilmirəm. Bu zal, elə bil ki, bir az da böyüyüb. Zalda əvvəllər 320 nəfər əyləşə bilirdi, indi 400 nəfər əyləşə bilir. Biz görürdük ki, tədbirlərdə insanlara yer çatmır. Ona görə oturacaqların sayını artırdıq. Səhnə də dəyişdi, pərdələr də.

  Ümumiyyətlə, təmir işləri barədə bir qədər də geniş məlumat vermək istəyirəm. Deməli, akt zalından danışırıq. Akt zalı, ona bitişik eyvanlar təmir edilib. Baxıb görə bilərsiniz ki,  eyvanlarda maksimal dərəcədə təmizlik aparılıb. Akt zalındakı kondisionerlər də, bütün texniki avadanlıqlar da dəyişdirilib. Ehtiyacı olan auditoriyalarda, dəhlizlərdə, pilləkən qəfəslərində kosmetik təmir aparılıb. Əl-üz yuyan otaqlarda dəyişikliklər edilib, təmir gedib. Binanın istilik sistemində də təmir işləri aparılıb. Vaxtı ilə buranı təmir edəndə istilik sisteminin hansısa hissələrini düzgün quraşdırmamışdılar. Bunun nəticəsində binanın istiliyi yox dərəcəsində idi. Biz bu problemi tamamilə aradan qaldırdıq. Allahın köməkliyi ilə istilik sistemi bu il çox normal şəkildə işləyəcək. Həyətdə yaşıllaşdırma işləri aparıldı, yanğına qarşı siqnalizasiya təmin olundu. Gördüyünüz və görmədiyiniz bir çox işlər görüldü.

  İkinci tədris korpusunda on ayaqyolu əsaslı təmir olundu, bütün aksessuarlar yeniləndi. Dəhliz və pilləkən qəfəsləri də daxil olmaqla. Ehtiyacı olan auditoriyalarda kosmetik təmir aparıldı, bütün auditoriyalara qoruyucu haşiyələr vuruldu və yeməkxanada yüngülvari təmir işləri apardıq. Mən özüm o binada da, üçüncü korpusda da oldum. Bir-bir otaqlara girdim və kafedra müdirlərindən nəyə ehtiyacları olduqlarını soruşdum.

  Üçüncü tədris korpusunda bir neçə otaq arasında arakəsmələr götürülməklə otaqlar genişləndirilib. Binanın giriş hissəsi, dəhliz, pilləkən qəfəsləri, ehtiyacı olan auditoriyalar rənglənib, kosmetik təmir aparılıb və auditoriya qoruyucu haşiyələrlə təmin olunub. Su təchizatını təmin etmək məqsədi ilə 8 tonluq su çəni quraşdırılıb. Bundan əlavə, universitetə bir sıra avadanlıqlar alınıb: kompüterlər, pərdələr, jalüzlər, proyektorlar, maqnitofonlar, ağıllı lövhələr...

  Qəbulla bağlı da biz neçə söz demək istəyirəm. İndiki situasiyanı, universitetlərarası rəqabəti, universitetlər arasında, necə deyərlər, “döyən ixtisaslar”ın mövcudluğunu nəzərə alsaq, qəbulumuz normal keçib. Bununla kifayətlənmək doğru olmasa da, mənə elə gəlir, vəziyyətdən çıxa biləcəyik. 91% qəbul bakalaviaturada olub, 70% magistraturada. Əlbəttə, 70% göstərici bizim üçün azdır. Bunun üzərində işləmək lazımdır.

Bir məqamı da qeyd edim ki, universitetimizə hər il başqa univesitetlərdən köçürülmək istəyən tələbələrin sayı çoxalır. Bu, elə-belə baş vermir. Gənclər universitetimizin imicini görür, qiymətləndirir.

Əziz həmkarlar,

  Bizim çox ciddi, işıqlı potensialımız var. Burada əyləşən müəllimlərin çoxunu mən uzun illərdir tanıyıram, onlara inanıram. İnanıram ki, biz yenə də əl-ələ verib təmizlik və şəffaflıq çərçivəsində bütün işlərimizi görəcəyik. Mən sizə bir daha yeni gələn tədris ilində cansağlığı, ailə səadəti, ən əsası könül xoşluğu arzulayıram. Bir-birimizi başa düşsək, bir-birimizi bağışlaya da bilərik. Rusların bir sözü var, onlara da latınlardan gəlib: “Cognoscere ignoscere” - “Всё понять — всё простить”. Bağışlayan adam böyük adamdır. Bir-birimizlə münasibət quranda, münasibəti davam etdirəndə bağışlamağı da, bir-birimizi başa düşməyi də bacarmalıyıq. Biz bir ailəyik. Bir-birinizi sevin, başa düşün, anlayın və bağışlamağı da özünüzə yaraşdırın.