ADU-da “Bilik Günü”nə həsr olunan tədbir keçirilib

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilinin başlanması və “Bilik Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla yeni dərs ilinin başlanması münasibətilə professor-müəllim və tələbə heyətini təbrik edib, Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun təbriklərini iştirakçılara çatdırıb, onlara uğurlar arzulayıb.
Rektor Kamal Abdulla 2017/2018-ci tədris ilində Azərbaycan Dillər Universitetində həyata keçirilmiş respublika və beynəlxalq əhəmiyyətli layihələr haqqında danışıb, yeni yaradılmış, o cümlədən yaradılması nəzərdə tutulan mərkəzlərdən söz açıb.
Rektor bildirib ki, universitetdə fəaliyyət göstərən mərkəzlər öz işini yüksək səviyyədə aparır. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, Azərbaycan dili və mədəniyyəti mərkəzləri də xaricdə yaradılır, bu istiqamətdə son dərəcə vacib addımlar atılır. Azərbaycan Dillər Universitetində yenicə yekunlaşan təmir işlərindən söz açan rektor qeyd edib ki, tələbə və müəllimlərin dərs proseslərinin yaxşılaşdırılması üçün auditoriyalar zəruri avadanlıqlarla təmin olunub, akt zalı əsaslı şəkildə təmir olunub, universitetin istilik sistemi yenidən qurulub.
Sonra Azərbaycan Dillər Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Misgər Məmmədov 2017/2018-ci tədris ili ilə bağlı hesabatla çıxış edərək istehsalat, pedaqoji təcrübə və digər layihələr haqqında məlumat verib.
Sonda professor-müəllim və tələbə heyəti də çıxış edərək 1 il ərzində görülmüş işləri müsbət qiymətləndirib, universitetin bütün əməkdaşlarını yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.

















