ADU-da “Xocalı həqiqətləri Çin dilində” adlı tədbir keçirilib
22 fevral, 2018
Fevralın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov XX əsrin ən faciəvi hadisələrindən olan Xocalı qətliamının ağır nəticələrindən söz açıb. O, dünyada bu qanlı hadisələr barədə həqiqətlərin yayılmasının, faciənin soyqırımı kimi tanınmasına nail olmağın vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən ADU-nun Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. Xatırladıb ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməkliyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 nəfər qoca qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb. Bu dəhşətli hadisələr Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olub.
Tədbirdə Çin dilində Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli filmlər nümayiş olunub.