ADU-da “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” adlı təqdimat
20 fevral, 2018
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirilib. ADU-nun dosenti, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva layihə çərçivəsində ötən ilin yayında 40 nəfərə yaxın gənc azərbaycanlı qadın rəssam və yazarlar üçün seminarların təşkil olunduğunu, bu seminarlara özü ilə bərabər, Kaliforniya Dövlət Universitetinin müəllimi, şair və tərcüməçi Əlison Məndəvilin rəhbərlik etdiyini deyib. O, bu seminarlarda Azərbaycan qadınının həyatına, uğurlarına, rastlaşdıqları problemlərə dair söhbətlərin aparıldığını, rəssamların əsərlərinə kiçik hekayə, şeir və esselərin yazıldığını da sözlərinə əlavə edib. Ş.Nağıyeva yazarların yaradıcı ünsiyyəti nəticəsində ərsəyə gələn əsərlərin toplu şəklində “Azərbaycan qadını yaradır: Yazarlarla rəssamlar arasında ünsiyyət” adlı kitab-albomda dərc olunduğunu, eyni zamanda rəsm əsərləri ilə yanaşı onlara yazılmış bədii nümunələrin də ingilis dilinə tərcüməsinin də bu kitabda öz əksini tapdığını deyib.
Daha sonra Əlison Məndəvil təqdimata video-zəng vasitəsilə bağlanaraq hər kəsə uğurlar arzulayıb və kitab-albomda toplanan şeirlərin müəlliflərinə dərin təşəkkürünü bildirib.
Sonda kitab-albomda dərc olunan hekayə, şeir və esselər müəlliflər tərəfindən səsləndirilib və kitab-albomlar qonaqlara təqdim olunub.
Qeyd edək ki, layihəni “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının tövsiyəsi və UNESCO-nun maliyyə dəstəyi ilə həyata keçirib.