XƏBƏRLƏR

Xarici Təhsilli Əməkdaşlar Birliyinin növbəti tanıtım tədbiri

13 fevral, 2018
Azərbaycan Dillər Universitetinin (ADU) Xarici Təhsilli Əməkdaşlar Birliyinin tanıtım xarakterli tədbirləri davam edir. Fevralın 13-də növbəti tədbir universitetin Beynəlxalq münasibətlər və idarəetmə, Filologiya və jurnalistika fakültələrinin əməkdaşları üçün keçirilib. Xarici Təhsilli Əməkdaşlar Birliyinin ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə yaradıldığını söyləyən birlik sədri Lətifə Qurbanova rəhbəri olduğu qurumun yaranma səbəbləri və məqsədləri barədə danışıb. L.Qurbanova xaricdə təhsil almış əməkdaşların birliyə cəlb edilməsi ilə onların bilik və bacarıqlarından faydalanmağın, eyni zamanda dünyanın müxtəfil ali təhsil müəssisələrində hökm sürən atmosferin ADU-da da yaşanmasının əhəmiyyətini xüsusilə vurğulayıb. Daha sonra o, birlik daxilində əməkdaşlıq və beynəlxalq əməkdaşlığın qurulması istiqamətində fikirlərini iştirakçılarla bölüşüb. ADU-nun Beynəlxalq əlaqələr Departamentinin müdiri Nigar Sultanova rəhbərlik etdiyi strukturun fəaliyyət istiqamətlərindən söz açıb. O, bildirib ki, departamentin əsas funksiyaları sırasına xarici vətəndaşlarla iş, mübadilə və təqaüd proqramları, dil və mədəniyyət mərkəzləri, eləcə də rektor K.Abdullanın təşəbbüsü ilə yaradılan “Səfir saatı” klubunun fəaliyyəti və s. daxildir. ADU-da çoxsaylı dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edən N.Sultanova buna adekvat olaraq həmin ölkələrdə də Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açıldığını sözlərinə əlavə edib. Tədbirdə daha sonra Koreya dövlət təqaüdü proqramına müraciət qaydaları, qeydiyyat müddəti və lazım olan sənədlər barədə ümumi məlumat verilib. Dəyirmi masa müzakirələrlə yekunlaşıb. Qeyd edək ki, Xarici Təhsilli Əməkdaşlar Birliyi ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi K.Abdullanın təklifi  əsasında universitetin Elmi Şurasının 28 noyabr 2017-ci il tarixli qərarı ilə yaradılıb. Birliyin əsas məqsədi ADU-da müxtəlif vəzifələrdə çalışan əməkdaşlar arasında sıx əlaqələr qurmaq, onlar arasında birlik və təcrübə mübadiləsini təbliğ və təmin etmək, habelə ADU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə birlik üzvlərinin bilik və bacarıqlarından yararlanmaları üçün şərait yaratmaq, öz təcrübələrinə əsaslanaraq onlara multikulturalizm dəyərlərini yaymaqdır. Birliyin fəaliyyət predmetinə isə yeni əməkdaşlara dəstək vermək, xarici universitetlərin məzunları arasında əməkdaşlıq şəbəkəsi qurmaq, bu fəaliyyəti ölkənin və universitetin maraqları istiqamətinə yönəltmək və s. daxildir.