XƏBƏRLƏR

ADU-da afro-amerikalıların tarixi Fevral ayı ilə bağlı təqdimat

27 fevral, 2018

Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Bakı Amerika Mərkəzinin birgə təşkilatçılığı ilə afro-amerikalıların tarixi Fevral ayı ilə bağlı təqdimat keçirilib. Tədbiri açıq elan edən Regionşünaslıq kafedrasının  müdiri, dosent Sevdagül Əliyeva fevral ayının hər il ABŞ-da qaradərili insanların tarixi ayı kimi qeyd olunduğunu bildirib və bu ayın banisinin (ata qurucusu) Karter Qudvin Vutson olduğunu sözlərinə əlavə edib: “1960-cı illərin əvvəllərində Alabama ştatının Birmingem şəhərində afrikalı amerikalılar bərabərlik uğrunda mübarizəyə qalxıblar. Martin Lüter Kinq və digərləri dinc nümayişlərə qoşulublar, ancaq polisin nümayişçilərə qarşı gözyaşardıcı qaz və itlərdən istifadə etməsindən sonra bəzi nümayişlər dayandırılıb. Nümayişlər yüzlərlə insanın yaralanması və minlərlə adamın həbs edilməsi ilə nəticələnib”. S.Əliyeva qaradərililərin həyatı və tarixinin öyrənilməsi Assosiasiyasının 1926-cı il fevralın 2-ci həftəsində qurulduğunu deyib və qeyd edib ki, bu vaxt qaradərililərin tarixi həftəsi kimi elan olunub.

Daha sonra Regionşünaslıq kafedrasının müəllimi Sevinc Qurbanova 50-60-cı illərdə insan haqları uğrunda baş qaldıran hərəkatların əsas məqsədinin irqi ayrı-seçkiliyə son qoymaq olduğunu deyib. O, qaradərililərin tarixi ayının Amerika tarixinin bir hissəsi olduğunu bildirib və bu hadisələri dərindən öyrənmək üçün insanların Birləşmiş Ştatlarda yerləşən Birmingemdəkı Vətəndaş Haqları İnstitutuna gəldiyini söyləyib: “Qaradərililərin ayı kimi məhz fevral ayının seçilməsinin əsas səbəbi prezident Avraam Linkolnun fevralın 12-si və Frederik Duqlasın fevralın 14-ü anadan olmaları ilə bağlıdır”.

Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin  müəllim və tələbələri adıçəkilən tarixi dövrün məşhur simaları haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Sonda dünyada ən müxtəlif sahələr üzrə şöhrət qazanmış qaradərili insanlar barədə videoçarx nümayiş olunub.