ADU-da Germanistika İnstitutunun açılış mərasimi olacaq
Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatının böyük təbliğatçısı, Almaniyanın Vürsburq Universitetinin və ADU-nun professoru, Osvold fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziglinde Hartmanın rəhbərliyi ilə Germanistika İnstitutunun açılış mərasimi keçiriləcək.
Tədbirdə Almaniya, Avstriya, İsveçrə səfirliklərinin nümayəndələrinin, Azərbaycanda alman dili sahəsində fəaliyyət göstərən təşkilatların və alman dilinin tədris olunduğu universitetlərin əməkdaşlarının iştirakı da nəzərdə tutulub.
ADU-da professor Hartmanın Azərbaycan ədəbiyyatından etdiyi tərcümələrin toplandığı kitabın təqdimatı da baş tutacaq.
6-16 mart tarixlərində professor Hartman ADU-nun tələbə və müəllim heyətinə “Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud” mövzusunda silsilə mühazirələr oxuyacaq və 16.03.2018-ci il tarixində alman və Azərbaycan ədəbi nümunələri əsasında yekun tədbir olacaq.
Germanistika İnstitutu fəaliyyəti çərçivəsində seçilən tələbə və müəllimlərin Almaniyada müxtəlif ixtisasartırma kurslarında iştirakı, almaniyalı professorların ADU-da mühazirələrinin təşkili, ADU müəllimlərinin Almaniyada fəaliyyəti nəzərdə tutulur.