XƏBƏRLƏR

ADU-da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib

26 fevral, 2018

Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin SABAH qruplarının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra tələbələr tərəfindən “Xocalı - Qan Yaddaşımızdır. Unutmadıq! Unutdurmarıq!” misraları Azərbaycan, rus, alman, fransız, fars, ispan və digər dillərdə iştirakçıların diqqətinə çatdırılıb.

Tələbələrdən Hüseyn Hüseynov “Vətən oğlu”, Gülər Buludxanlı “Bayraq”, Röya Mirzəliyeva “Ayağa dur, Azərbaycan” şeirlərini səsləndirib, Həcər Məmmədova “Cənab leytenant” və Murad Hüseynov  “Azərbaycan” mahnısını ifa ediblər. Tədbirdə çıxış edən “Azərbaycan dili və ədəbiyyatı” müəllimi İlahə Quliyeva gəncləri daim mübariz olmağa, onların dünyanın hər bir yerində “Xocalıya ədalət” prinsipinə sadiq qalaraq vətənə bağlı olmağa səsləyib. O, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, tədbirdə Xocalı faciəsi, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması ilə bağlı videoçarx da nümayiş olunub.