ADU-da “Xocalı facisəsinin anım günü” adlı dəyirmi masa keçirilib
Fevralın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Qafqazşünaslıq kafedrasının təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə “Xocalı faciəsinin anım günü” adlı dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov Xocalı faciəsi haqqında ümumi məlumat verib. O, soyqırımının səbəb və nəticələrindən danışıb, həmin gecə törədilən qanlı olaylar, dinc sakinlərin məruz qaldığı amansız vəhşiliklərdən söz açıb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları Sübhan Talıblı və Ramil Rüstəmov Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı prosesində iştirak edən digər qüvvələr və soyqırımının dünya mətbuatında işıqlandırılması haqqında fikirlərini bölüşüblər.
Qafqazşünaslıq kafedrasının dosenti Xatirə Hacıyeva, həmin kafedranın baş müəllimləri Ramin Quliyev və Asif Abbasov soyqırımı nəticəsində məhv olmuş tarixi abidələrdən, Xocalı ərazisində müxtəlif dövrlərdə törədilən qırğınlardan, qanlı terror aktının xüsusi amansızlıqla həyata keçirilməsindən bəhs ediblər. Professor Xanməmməd İbrahimov Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində ADU-nun üzərinə düşə biləcək təkliflərlə çıxış edib.
Dəyirmi masada Xocalı soyqırımı haqqında universitet tələbələri arasında aparılan sorğu nümayiş olunub.
Sonda çıxış edən Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli dəyirmi masanın əhəmiyyətindən danışıb və onun təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib. Bu soyqırımının xalqımızın hər zaman diqqət mərkəzində olduğunu söyləyən dekan universitetdə bu istiqamətdə tədbirlərin davam edəcəyini vurğulayıb. O, əlavə edib ki, artıq bizim gənclərimiz məsələnin mahiyyətini tam olaraq anlayırlar və bu da hadisənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına öz töhfəsini verəcək. Xocalı soyqırımına hələ də hüquqi-siyasi qiymət verilmədiyini qeyd edən İ.Kazımbəyli bunun arxasında hadisələrə hərəkət və istiqamətverici rol oynayan böyük güclərin siyasi maraqlarının dayandığını sözlərinə əlavə edib. Fakültə dekanı Azərbaycan dövlətinin Qarabağ probleminin xalqımızın maraqlarına uyğun həll edilməsi yolunda ciddi işlər gördüyünü diqqətə çatdırıb.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.