XƏBƏRLƏR

ADU tələbələri Gəncədə Xocalı soyqırımına həsr olunan tədbir keçirib

22 fevral, 2018
Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) Gəncə şəhərində məskunlaşmış Kəlbəcər qaçqınlarının təhsil aldıqları 1 saylı məktəbdə təcrübə keçən bir qrup tələbəsi Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirib. Məktəbin direktoru Fərqanə Əhmədova bu tədbiri keçirdikləri üçün ADU-nun Təlimdə innovasiyalar kafedrasının baş müəllimi, Gəncədə qaçqın məktəbində pedaqoji təcrübə keçən tələbələrin rəhbəri Anar Rəhimova və pedaqoji təcrübə keçən təcrübəçi müəllimlərə təşəkkür edib, eyni zamanda şagirdlərin qan yaddaşına əbədi həkk olunan bu qanlı olay haqqında maarifləndirici tədbirlərin keçirilməsinə görə ADU rəhbərliyinə dərin minnətdarlığını bildirib. Daha sonra A.Rəhimov Xocalı hadisəsinin insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olduğunu deyib: “Azərbaycan hökuməti, başda Prezident İlham Əliyev olmaqla bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün böyük işlər görüb. Biz gənclərin üzərinə düşən əsas vəzifə Xocalı gerçəkliyini, erməni vəhşiliyini dünyaya çatdırmaqdır”. Sonda təcrübəçi tələbələrdən Sakinə Məmmədzadə “Xocalı soyqırımını dünyaya tanıdaq” mövzusunda ingilis dilində təqdimatla çıxış edib. Tədbir ADU tələbələrinin slayd şouları, şagirdlərin şeirləri və Xocalı haqqında şəkillərin nümayişi ilə sona yetib.