XƏBƏRLƏR

ADU-da ilk Latın Amerikası Film Festivalı çərçivəsində növbəti film nümayiş olunub

19 aprel, 2018

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanda təşkil olunan ilk Latın Amerikası Film Festivalı çərçivəsində Kuba istehsalı olan “Davranış” filmi nümayiş olunub.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əməkdaşlığı ilə baş tutan film festivalının Latın Amerikası mədəniyyətinin və ənənələrinin təbliği istiqamətində mühüm addım olduğunu diqqətə çatdırıb. S.Hüseynov bu gün Kuba istehsalı olan filmin nümayişinin maraqlı olacağına və Kuba haqqında təəssürat formalaşdıracağına əminliyini ifadə edib.

Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ADU rəhbərliyinə filmin nümayişinə şərait yaratdıqları üçün təşəkkürünü bildirib. O, filmlərin izləyici kütləsinin daha çox gənclər olması ümidi ilə festivalın təşkil olunduğunu söyləyib. Nümayiş olunacaq film və aktyorlar haqqında qısa məlumat verən səfir filmdə Kuba cəmiyyətindəki, təhsil sahəsindəki çətinliklərin lentə alındığını qeyd edib.

Qeyd edək ki, Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-a kimi ilk Latın Amerikası Film Festivalı təşkil olunub. Bu festival çərçivəsində aprelin 17-də Kosta Rika istehsalı olan “Qayıdış” filmi izlənilib, aprelin 19-da isə Meksika istehsalı olan “Təlimatlar qəbul edilmir” və Peru istehsalı olan “Qədim Dostlar” filmləri nümayiş olunacaq.