Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans öz işinə başladı
07 aprel, 2018
Xəbər verdiyimiz kimi, Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans keçirir. Bu konfransın bölmələri Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və Azərbaycan universitetlərinin bazasında təşkil olunub.
Artıq konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Belə ki, aprelin 7-də Rusiyanın birinci prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetində Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi ilə ilə Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I beynəlxalq elmi konfransın “ADR - Şərqdə ilk demokratik respublikadır” mövzusunda ilk bölmə iclası keçirilib.
Konfransda B.N.Yeltsin adına Ural Federal Universitetinin rektoru Viktor Anatoliyeviç Kokşarovun və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin konfrans iştirakçılarına təbriki səsləndirilib.
Sonra Azərbaycan Respublikasının Yekatirinburq şəhərindəki Baş konsulu İlqar İsgəndərov çıxış edərək, Azərbaycanda multikulturalizmin dövlət siyasətinə yüksəldiyini və bu sahədə Azərbaycanın böyük tarixi təcrübəyə malik olduğunu vurğulayıb. Baş konsul bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı və digər sahələrdə həyata keçirilən siyasi xətt hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Ural Fedral Universitetinin Xarici regionşünaslıq kafedrasının və Azərbaycanşünaslıq mərkəzinin müdiri professor Nesterov Aleksandr Gennaiyeviç, AMEA-nın Fəlsəfə İnstitunun direktoru İlham Məmmədzadənin Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan dövləti ilə bağlı etdiyi çıxışlarla konfransın bölmə iclası öz işinə başlayıb.
ADU-nun Rusiyaşünaslıq mərkəzinin müdiri Məmməd Əliyev “Azərbaycanda dini tolerantlıq və multikulturalizm” mövzusunda, Linqvokulturologiya kafedrasının müdiri Məsmə Qazıyeva isə “Azərbaycanda dil siyasəti və multikulturalizm” mövzusunda çıxış ediblər.
“AMOR” gənclər ictimai birliyinin Yekatirinburq şəhər təşkilatının rəhbəri T.Həsənzadə, Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrasının əməkdaşı D.Jeriborov, universitetin tələbəsi A.Şıxlinskaya və digər çıxışçılar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən Azərbaycanın müasir multikulturalizm siyasəti, bu il 100 illyi Azərbaycanda yüksək səviyyədə qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirdə Ümummilli lider Heydər Əliyevdən bəhs edən sənədli film nümayiş olunub.
Sonda Azərbaycan Dillər Universiteti və Ural Federal Universiteti adından tədbirin yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən Sverdlovsk vilayətinin qubernatorluğuna və Azərbaycan Respublikasının Yekatirinburq şəhərindəki Baş Konsulluğuna təşəkkür edilib.
Kofransda yerli televiziya kanalları və mətbuat nümayəndələri də iştirak ediblər.