ADU-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda dəyirmi masa keçirilib
04 aprel, 2018
Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə ADU-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, multikulturalizm cəmiyyətimizdə əsrlərdən bəri gələn həyat tərzi və dünyagörüşüdür, Azərbaycanda multikutural həyat tərzi qədim tarixi və ənənələrə malikdir. M.İmanov minillik tarixə malik klassik Azərbaycan ədəbiyyatında bəşəri ideyaların təbliğ olunduğunu söyləyib və “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında bu fikirlərin öz əksini tapdığını sözlərinə əlavə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, akademik Möhsün Nağısoylu multikultural dəyərlərin “Kitabi-Dədə Qorqud” eposunda, Xaqani Şirvani, Mücirəddin Beyləqani, Nizami Gəncəvi və digər klassik yazarların əsərlərində təbliğ olunduğunu deyib: “Azərbaycan ədəbiyyatının bütün dövrlərə aid nümunələrində multikultural ideyalara rast gəlmək mümkündür. Bu örnəklər çoxşaxəli və çoxistiqamətlidir, dahi Füzuli əsərlərində hər zaman dinlərə, dillərə qarşı xoş münasibət bəsləyib, İsa peyğəmbər, Musa peyğəmbərin adını böyük ehtiramla yad edib”.
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla dünya ədəbiyyatına bələd olmağın xalqın öz həqiqi mənəvi dəyərlərini daha yaxından dərk etməsinə yardımçı olduğunu bildirib: “Azərbaycan multikulturalizminin qaynaqları seriyasının ilk nəşri olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının ərsəyə gəlməsində Möhsün Nağısoylu, Muxtar İmanov, Fərid Ələkbərli və digər alimlərin əməyi olub, beləliklə bu kitab filoloji tədqiqat obyektinə çevrilib. Hesab edirəm ki, Azərbaycan xalqının prinsip etibarilə güzgüdəki kimi əksini göstərən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı ölkəmizi ən yaxşı tərəfdən təcəssüm etdirən hadisədir”.
Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Nurlanə Mustafayeva “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı mühazirə ilə çıxış edib.