XƏBƏRLƏR

ADU-da “Society and Social Behaviour” adlı kitabın təqdimatı keçirilib

02 may, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Linqvokulturologiya kafedrasının əməkdaşları tərəfindən hazırlanmış “Society and Social Behaviour” adlı kitabın təqdimat mərasimi keçirilib.

Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva kafedranın fəaliyyəti, görülən işlər və qarşıda duran məsələlər haqqında ümumi məlumat verib. O, daha sonra təqdimatı keçirilən kitabla yanaşı, kafedra tərəfindən hazırlanan digər dərs vəsaitlərini də iştirakçılara təqdim edib.

Dosent Tofiq Quliyev qeyd edib ki, 34 əsas mövzu daxil edilmiş kitabın tərtibatında məqsəd tələbələrin şifahi nitq bacarıqlarını inkişaf etdirmək, onların cəmiyyətdə rast gəldikləri problemlərin həlli yollarını öyrənməklə dünyagörüşlərini artırmaqdan ibarətdir. Dərs vəsaitində sosial davranış və onun cəmiyyətdə əhəmiyyəti, Amerika, Birləşmiş Krallıq və Azərbaycan cəmiyyətləri, müasir cəmiyyətdə sosial problemlər, gender problemləri və cəmiyyət, media, incəsənət və cəmiyyət, cəmiyyətdə ailə sistemi kimi mövzular öz əksini tapıb.

Kafedranın baş müəllimi Dinara Muxtarova yeni nəşr olunan dərsliyin digər kitablarla müqayisədə üstün və fərqli cəhətlərini diqqətə çatdırıb, dərs vəsaiti ilə bağlı təqdimatla çıxış edib.

Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov, ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı  və digər çıxışçılar kitabın tələbələr üçün əhəmiyyətindən danışıblar və onun ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür bildiriblər.

Qeyd edək ki, dərsliyin müəllifləri Linqvokulturologiya kafedrasının əməkdaşları Tofiq Quliyev, Dinara Muxtarova, Aynur Məmmədova və Ülkər Əsədovadır.