XƏBƏRLƏR

Vakayama Kollecinin müəllimi ADU-nun yaponşünas tələbələri ilə görüşüb

02 may, 2018

Aprelin 19-da Azərbaycan Dillər Universitetində (ADU) Vakayama Kollecinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı cənab Futoshi Sakamoto ADU-nun Beynəlxalq münasibətlər və idarətetmə fakültəsinin Yaponşünaslıq ixtisası üzrə təhsil alan və Yaponiya Araşdırmalar Mərkəzində yapon dilini öyrənən tələbələrlə görüşüb.

Yaponiya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Yaponiya Araşdırmalar Mərkəzinin rəhbəri Yaşar İbrahimov tələbələrə bu tədbirin mahiyyətindən danışıb. Qeyd edib ki, görüşün məqsədi tələbələrimizdə Yaponiya təhsilinə, eləcə də Yaponiyanın ixtisas məktəbləri və kolleclərində təhsil almağa maraq yaratmaqdan ibarətdir. Tədbirdə tələbələrə Yaponiyanın kollec və ixtisas məktəbləri haqqında geniş məlumat verilib.

Sonra Yaponiyalı qonaq cənab F. Sakamoto Vakayama Kollecinə qəbul  qaydaları, ixtisaslar, keçirilən dərslər, xarici tələbələr, iş imkanları, eləcə də tələbələrin işləyərək təhsil almaları və onların həyat tərzi haqqında danışıb.

Görüşdə yaponşünas tələbələrin gələcəkdə həmin Kollecdə təhsil alma imkanları müzakirə edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

    Yaponiya Araşdırmalar Mərkəzi