XƏBƏRLƏR

ADU-da “Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib

26 aprel, 2018

Azərbaycan Dillər Universitetində (ADU) “Qafqazşünaslıq”, “Fəlsəfə və İctimai elmlər” kafedralarının və “Azərbaycanşünaslıq ETL”nın birgə təşkilatçılığı ilə “Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib.

Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov “Heydər Hüseynovun həyat və fəaliyyəti” adlı məruzə oxuyub. Bildirib ki, Azərbaycan tərcümə məktəbinin əsasını qoyan H.Hüseynov 100-dən çox elmi məqalənin müəllifi olub. O, Heydər Hüseynovun Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Füzuli və digər dahi şəxsiyyətlər  haqqında ciddi tədqiqat işləri apardığını sözlərinə əlavə edib. Qeyd edib ki, H.Hüseynov Azərbaycan dilində ilk fəlsəfə dərsliklərindən hesab olunan “Dialektika və metafizika”, “Dialektik və tarixi materializm haqqında” kitablar yazıb.

Fəlsəfə və İctimai elmlər kafedrasının baş müəllimi Kəmalə Yusifova “Heydər Hüseynov məktəbinin yetirmələri” adlı məruzə ilə çıxış edib. O, Heydər Hüseynovun tarix və fəlsəfə elminin inkişafında göstərdiyi böyük xidmətlərdən bəhs edib, onun elmi fəaliyyətinin Azərbaycanda fəlsəfənin inkişafına güclü təkan verdiyini vurğulayıb.

Azərbaycanşünaslıq ETL-nın aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi bildirib ki, Heydər Hüseynov Azərbaycan Sovet elminin parlaq nümayəndəsi olub. O, Mirzə Fətəli Axundov irsinin tədqiqatçısı H.Hüseynovun filosof və tarixçilərin formalaşmasında mühüm əhəmiyyəti olan məqalələr və elmi təqdiqatların müəllifi olduğunu söyləyib.

Sonda akademik Heydər Hüseynovun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.