XƏBƏRLƏR

ADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabına həsr olunan dəyirmi masa keçirilib

25 aprel, 2018

Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabına həsr olunan dəyirmi masa keçirilib.

Tədbirdə TEC-in sədri Lamiə Muğalova bildirib ki, əsrlər boyu Azərbaycanda formalaşan multikultural dəyərlər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. L.Muğalova  Azərbaycan multikulturalizminin dünya miqyasında öyrənildiyini deyib.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov kitabda Prezident İlham Əliyevin multikultural dəyərlər barədə söylədiyi fikirlərin, eyni zamanda Azərbaycan multikulturalizm modelinin xüsusiyyətlərinin öz əksini tapdığını bildirib. Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu söyləyən S.Hüseynov kitabın üç dildə dərc edilməsinin multikultural dəyərlərin dünya miqyasında təbliğində əhəmiyyətli rol oynadığını sözlərinə əlavə edib.

Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli sözügedən kitabın müxtəlif təhsil müəssisələrində tədris olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və Azərbaycan xalqı bu siyasəti öz həyat tərzi olaraq seçib.

Sonda Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin I kurs tələbəsi Günay Sadıqlı və Filologiya və jurnalistika fakültəsinin II kurs tələbəsi Sevinc Məsimova multikulturalizmə həsr olunan slayd təqdim ediblər.