XƏBƏRLƏR

“Azərbaycan Xalq Cümhuriyyətində təhsil”

25 aprel, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə laboratoriyanın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qələmşah Heybətov “Azərbaycan Xalq Cümhuriyyətində təhsil” mövzusunda məruzəsi dinlənilib.

Çıxışçı AXC-nin yarandığı çətin, məşəqqətli dövrdən, Azərbaycanın müstəqilliyinə aparan səbəblərdən, müstəqillik yolunda hər sayaq əziyyətlərə qatlaşan, şəxsi xoşbəxtliyindən keçərək xalq yolunda fədakarlıq göstərən cümhuriyyət qurucularının böyük, ləyaqətli işindən söz açıb.

Vurğulanıb ki, az müddətdə cümhuriyyət qurucuları xalqımızın rifahı naminə misilsiz işlər görüb, özəlliklə milli təhsil sahəsində bir sıra böyük uğurlara imza atıblar.

“Azərbaycan hökumətinin siyasətində mədəni-maarif islahatından danışarkən, ilk növbədə,  türk dilinin dövlət dili elan edilməsi, Bakı Dövlət Universitetinin təşkili, milli kadrlar yetişdirməyə yönəldilmiş tədbirlər, ana dilində məktəblərin açılması, azərbaycanlı tələbələrin ali təhsil almaq üçün Avropa ölkələrinə göndərilməsi və s. tədbirlər qeyd edilməlidir.” – deyə çıxışçı bildirib.

Qeyd edib ki, AXC məktəb dərsliklərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirib:

“Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olunmuşdu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarif və ədəbiyyatının görkəmli nümayəndələri  – Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və b. fəal iştirak edirdilər”.

Q.Heybətov bildirib ki, aprel işğalı ərəfəsində Azərbaycanda artıq kitab fondu 95000 nüsxə olan 11 kitabxana olub. Lakin 1920-ci ilin əvvəllərində bölgədə vəziyyətin mürəkkəbləşməsi və həmin il aprelin 27-də Şimali Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı nəticəsində ölkədə xalq maarifinin inkişafı sahəsində nəzərdə tutulan çoxsaylı tədbirlərin həyata keçirilməsi yarımçıq qalıb.

Natiq çıxışının sonunda mövzu ilə bağlı sualları cavablandırıb.