XƏBƏRLƏR

Samarada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

23 aprel, 2018

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda bölmə iclasları keçirilib.

Aprelin 20-də Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında  ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda bölmə iclası keçirilib.

Tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.

İclasda Samara Quberniya Dumasının deputatı Qalina Kozlovskaya konfrans iştirakçılarına uğurlar arzulayıb, bu cür elmi tədbirlərin əhəmiyyətini vurğulayıb. Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialının  müdiri professor Kozlovskaya Qalina Yefimovna ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq əhəmiyyətli konfransın panel iclasının Samara filialında keçirilməsindən məmnun olduqlarını bildirib və mötəbər tədbirin təşəbbüskarı akademik Kamal Abdullaya təşəkkür edib. Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Mərkəzinin müdiri professor Məmməd Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb. Professor qeyd edib ki, Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyası XXI əsrdə qlobal inkişafın əsas prioritetlərindən birinə çevrilib.  Azərbaycanın Rusiya ilə mədəni əlaqələrinin inkişafını vurğulayan M.Əliyev xatırladıb ki, UNESCO-nun 2001-ci ili “Sivilizasivalann dialoqu" ili elan etməsi 2008-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda beynəlxalq forumun keçirilməsi, 2009-cu ildə Bakının İslam mədəniyyətinın paytaxtı elan edilməsi, Azərbaycanda Beynəlxalq Humanitar Forumun, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun və digər mötəbər tədbirlərin keçirilməsi bu ideyanın gerçəkləşdirilməsinə xidmət edir.

Konfransın plenar iclasında ADU-nun Rusiyaşünaslıq Mərkəzinin müdiri professor Məmməd Əliyev, MPU Samara filialının direktorunun müavini Elçin Həşimov, Rusiya Dövlət Ədalət Məhkəməsi Universitetinin müəllimi İqor İvanişko, MPU Samara filialının dosenti Elina Çuykova və başqaları Azərbaycanda dini tolerantlıq və multikulturalizm, Azərbaycan-Rusiya münasibətləri, Heydər Əliyev və mədəni müxtəliflik ideyası, Şərq dillərinin tədrisi və digər mövzularda məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində “Prezident İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub.