Çexiya səfirinin müavini ADU-da
Mayın 11-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Petr Vagner ilə görüşüb.
Qonağı salamlayan rektor Kamal Abdulla Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb.
“Səfir saatı” layihəsi haqqında məlumat verən Kamal Abdulla Petr Vagneri layihə çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib. Rektor universitetdə Çex dili və mədəniyyətinin öyrənilməsinin vacibliyindən də söz açıb.
Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirən Petr Vagner səslənən təklifləri müsbət qarşıladığını bildirib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə mübadiləsi haqqında da fikir mübadiləsi aparılıb.