XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda dəyirmi masa keçirilib

10 may, 2018

Mayın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə  “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov tədbir iştirakçılarını salamlayaraq bu günün Azərbaycanda və Azərbaycan diasporası, konsulluqlarının olduğu bütün ölkələrdə xüsusi qeyd edildiyini bildirib. O,  ADU-da ümummilli lider Heydər Əliyevin anadan olunmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirildiyini xatırladıb. ADU-da başlayan konfransın bölmələrinin Azərbaycana və Azərbaycan Dillər Universitetinə dost olan 10 ölkənin 14 müxtəlif universitetində keçirildiyini bildirib. O, keçirilən hər bir bölmədə həmin ölkələrlə Azərbaycanın arasındakı dostluq əlaqələrinin qurulmasında ulu öndərin rolunun daha aydın və ətraflı şəkildə iştirakçılara çatdırıldığını sözlərinə əlavə edib. S. Hüseynov bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunacağını deyərək ulu öndərin Azərbaycanı AXC-nin varisi adlandırdığını da iştirakçıların diqqətinə çatdırıb.

Sərraf Hüseynov Heydər Əliyevin fəaliyyəti haqqında danışaraq onun dövlətimiz üçün gördüyü işlərdən bəhs edib. O, ulu öndərin təhsilə, elmə böyük önəm verdiyini deyərək onun hakimiyyəti dövründə bir çox gəncin xaricə təhsil almağa göndərildiyini qeyd edib. S. Hüseynov bu siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini sözlərinə əlavə edib. O, gənclərə göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda ilk yaranan nazirliklərdən birinin məhz 1994-cü ilin fevral ayında Gənclər və İdman Nazirliyi olduğunu söyləyib.

Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev çıxış edərək ümummilli lider Heydər Əliyev haqqında xatirələrini iştirakçılarla bölüşüb. O, ulu öndərin Azərbaycan dövləti, milləti, gəncliyi üçün gördüyü işlərdən danışaraq onun gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini bildirib. Adil Babayev Heydər Əliyevin bir çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı kadr kimi yetişməsinə imkan və şərait yaratdığını da sözlərinə əlavə edib.

Təhsil fakültəsinin III kurs tələbəsi Rəna Süleymanlı müasir və müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu ulu öndər Heydər Əliyevin zəngin həyatı və çoxşaxəli siyasi fəaliyyətinin gənclər üçün örnək olduğunu qeyd edib. O, H. Əliyevin ən yeni tariximizdə silinməz iz buraxdığını söyləyib. Rəna Süleymanlı Azərbaycançılıq ideologiyasının banisi H. Əliyevin vətən, millət, dövlətçiliyimiz yolunda misilsiz fəaliyyət göstərdiyini söyləyib. R. Süleymanlı ulu öndərin demokratik islahatlara, insan hüquqlarının qorunmasına hər zaman diqqət yetirdiyini deyərək Heydər Əliyevin ictimai-siyasi, mədəni həyatımızda və digər sahələrdə sistemli islahatlar apararaq hər zaman gənclərin fəaliyyətinə xüsusi önəm verdiyini vurğulayıb. Rəna Süleymanlı Heydər Əliyevin müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakına önəm verdiyini bildirib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün də öz müsbət nəticələrini göstərdiyini deyib. R.Süleymanlı ulu öndərin gənc nəslə qayğısını əsirgəmədiyini, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsi üçün ciddi addımlar atdığını, onların sosial problemlərinin həllinə, yüksək səviyyədə təhsil almalarına, asudə vaxtlarını səmərəli keçirmələrinə, hüquqlarının müdafiəsinə, ümumiyyətlə gənclərin hərtərəfli inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayıb.

Azərbaycanşünaslıq ETL-in müdiri Aqşin Rüstəmov tələbəlik illərindən danışaraq ümummilli liderin gənclərə hər zaman xüsusi dəyər verdiyini bildirib. O, Heydər Əliyevin gənclərin təhsil almasına önəm verdiyini deyərək hər il 1000-ə yaxın tələbənin xaricə təhsil almağa göndərildiyini və onların məzun olub ölkəmizə qayıtdıqdan sonra işlə təmin olunduqlarını qeyd edib. Aqşin Rüstəmov 1969-cu ildə Azərbaycanın bir çox sahədə, xüsusilə də iqtisadiyyat və sənayə istiqamətində ciddi inkişafını xatırladaraq ölkəmizin məhz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində qısa müddətdə ön sırlara yüksəldiyini vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafında və həyata keçirilməsində gördüyü işlər haqqında da tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanşünaslıq ETL-in əməkdaşı Elçin İbrahimov Heydər Əliyevin Azərbaycan dili ilə bağlı gördüyü işlərdən bəhs edib. O, ulu öndərin ana dilinə həmişə xüsusi diqqət göstərdiyini deyərək 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladığını qeyd edib. E. İbrahimov tarixi əhəmiyyət kəsb edən bu sənədin dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadığını da vurğulayıb.

Dəyirmi masa müzakirələrlə davam edib.