XƏBƏRLƏR

ADU tələbələri Xocavənd məktəbində intellektual oyun təşkil edib

07 may, 2018

Mayın 4-də Ağcabədidə yerləşən Xocavənd rayon Xocavənd kənd 1 saylı tam orta məktəbində pedaqoji təcrübə keçən tələbələrimiz “Çin tarixi və mədəniyyəti” mövzusunda “Nə? Harada? Nə zaman?” formatlı intellektual oyun keçiriblər. ADU-nun Təhsil fakültəsinin IV kurs tələbələri tərəfindən təşkil edilən yarışda məktəbin 5-11-ci sinif şagirdlərinin iştirakı ilə 11 komanda mübarizə aparıb.

Yarışda Çinin tarixi, mədəniyyəti, coğrafiyası və s. məlumatlar əsasında təcrübəçi tələbəmiz Elşən Qəhrəmanov tərəfindən hazırlanan suallar səsləndirilib, turnir gərgin mübarizə şəraitində keçib.

Digər təcrübəçi və oyun jürisi Oruc Nəsirovun sözlərinə görə, aşağı siniflər daha çox fəallıq göstərib və bacarıqlı olduqlarını nümayiş etdiriblər.

Gərgin keçən mübarizənin sonunda “Eagle” komandası 19 xalla I, “Qaliblər” komandası 18 xalla II, “Qarabağ” və “Kaspi” komandaları isə 17 xalla III yerə layiq görülüblər.

Qeyd edək ki, qaliblər universitet tərəfindən hədiyyələrlə mükfatlandırılacaq.