XƏBƏRLƏR

“Azərbaycan multikulturalizmi dünya modelləri ilə müqayisədə"

21 may, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri Elnurə Əliyeva və Sevinc Məmmədovanın təşkilatçılığı ilə Xətai rayonu 27 saylı məktəbdə “Azərbaycanın multikulturalizm modeli dünya modelləri ilə müqayisədə”  adlı tədbir keçirilib.

Tədbirdə  çıxış edən Elnurə Əliyeva bildirib ki, müasir dövrdə Azərbaycan Respublikası dünyanın əsas multikulturalizm mərkəzlərindən biri kimi tanınır və ölkədə etnik, dini və mədəni müxtəlifliklər düzgün qaydada tənzimlənilir: “Tarixən Azərbaycan çoxmədəniyyətli, müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu bir ölkə olub. Mədəni, etnik, dini müxtəlifliklər düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafında natarazlıq baş verir, bu müxtəlifliklərin tənzimlənməsinin düzgün modellərindən biri multikulturalizmdir. Multikulturalizm fərqli mədəniyyətlərin nümayəndələrinin birgə yaşayış tərzidir və azsaylı xalqların öz etnik-mədəni dəyərlərini qoruduqları cəmiyyətdir”.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov multikulturalizmin mahiyyəti haqqında danışıb. S.Hüseynov keçirilən tədbirin şagird və tələbələrin milli-mənəvi tərbiyəsində əhəmiyyətli rolu olduğunu vurğulayıb.

Təhsil fakültəsinin IV kurs tələbələri Nubar Rzazadə, Rəfiqə Əliyeva, Lalə Cabbarova, Zöhrə Sadıqlı, Ülkər Əhmədova, Zərifə Mirməmmədova, Minarə Dostuzadə, Xəyalə Abbasova, Fidan Rzayeva, Nəzrin Babayeva tədbir iştirakçılarına multikulturalizmin müxtəlif modelləri haqqında məlumat veriblər. Eyni zamanda müxtəlif xalqların mahnı və rəqsləri tələbə və şagirdlər tərəfindən nümayiş olunub.

Multikulturalizmin terrorçuluğa və rasizmə qarşı yönələn siyasət olduğunu söyləyən 27 saylı məktəbin direktoru Cəmilə Ramazanova tədbirin tələbə və şagirdlərin düzgün tərbiyə olunmasında vacib rolu olduğunu qeyd edib.

27 saylı məktəbdə təcrübə  üzrə pedaqoq kimi  təyin olunan Azərbaycan Respublikası Təhsil İnstitutu Təhsil nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi İbadova Mahirə iştirakçılara tədbirin mahiyyəti, Azərbaycanda multikultural dəyərlər sistemi haqqında məlumat verib.

Tədbir “Ey Vətən”, “Azərbaycan” və “Azərbaycan, var ol”  mahnılarının səsləndirilməsi ilə yekunlaşıb.