XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransı keçirilib

21 may, 2018
  Mayın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib.

ADU rəhbərliyi və konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək universitetin foyesində yerləşən büstü önünə tər-çiçəklər qoyublar.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib.

Azərbaycan Dillər Universitetinin rektoru, konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev qonaqları salamlayaraq onları universitetdə görməkdən şad olduğunu bildirib. Azərbaycan Dillər Universitetində bu gün xüsusi gün olduğunu deyib: “Xüsusi gün onunla bağlıdır ki, Azərbaycanın bir çox yerlərindən qonaqlarımız var. Məktəb şagirdləri öz direktorları, müəllimləri ilə birlikdə bizə qonaq gəliblər. Eyni zamanda, Bakının bir sıra məktəblərindən universitetimizin qonaqları var. Azərbaycanın bir çox universitetlərinin, akademiyalarının nümayəndələri də burada iştirak edirlər”. Ulu öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” adlı tələbə-şagird konfransının çox möhtəşəm başlandığını söyləyən rektor bu yaxınlarda ADU-nun “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq konfrans keçirdiyini diqqətə çatdırıb: “Mənə elə gəlir ki, bu konfrans haqqında çoxunuzun məlumatı var. Bu konfrans unikal konfrans oldu və unikallığı da ondan ibarət idi ki, biz konfransı bu universitetdə başladıq, bir ay sonra yenə də bu universitetdə başa çatdırdıq. Amma bir ay ərzində bu konfransın bölmə iclasları 10 ölkədə, 15 universitetdə baş tutdu. Bu ölkələr Çin, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Almaniya, Türkiyə, İtaliya, Serbiya idi. Bu ölkələrin bəzilərində 4-5 universitet öz iştirakı ilə bu konfransa xüsusi rəng qatdılar. Biz Ulu öndərin ideyalarını həmin ölkələrə, universitetlərə apardıq. Biz Ulu öndərin Azərbaycan və dünya üçün etdiklərini bir daha yada saldıq və bir daha əmin olduq ki, onun fəaliyyəti Azərbaycan üçün son dərəcə vacib, faydalı və həyati hadisə olmuşdur”. Rektor K.Abdullayev bu gün tələbə və orta məktəb şagirdlərinin birlikdə keçirdiyi bu konfransın son dərəcə böyük simvolik mənası olduğunu bildirib: “Əvvəla bu mənanı açarsaq, ilk olaraq, konfransın elmi, ictimai əhəmiyyət ondan ibarətdir ki, bizim bir şagirdimizi universitetimizin bir müəllimi, professoru, dosenti hazırlayır. İkinci, həmin şagird universitet həyatına daxil olur. Universiteti gəzir, universitetlə tanış olur, universitetdə özünə yeni dostlar tapır. Məqsəd bundan ibarətdir ki, universitetimizin tələbələri bizim qonaqlarımıza həyan olsunlar, onlarla birlikdə bizim universitet barədə təsəvvür yaratsınlar. Nəhayət, üçüncü məqsəd isə bundan ibarətdir ki, bu il universitetin həyatında ilk dəfə olaraq, ölkəmizin müxtəlif rayonlarında yerləşən qaçqın və məcburi köçkün məktəblərində pedaqoji təcrübədə olan  tələbələrimizin bir qismi də bu gün həmin məktəblərdən gələn şagirdlərlə görüşmək imkanı əldə edirlər. Bu da son dərəcə tərbiyəvi bir məqamdır”. Konfransın siyasət əhəmiyyətə malik olduğunu bildirən rektor K.Abdulla Ümummilli lider Heydər Əliyevin ölkədə müharibənin dayandırılması üçün əlindən gələni etdiyini və çox şeyə nail olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin bu gün Dağlıq Qarabağ probleminin həlli üçün böyük fədakarlıqla çalışdığını söyləyən rektor bu məsələnin sülh yolu ilə həll olunacağına inamını ifadə edib.

Prezident İlham Əliyevin bütün dünyaya multikulturalizm ideologiyasının Azərbaycan modelinin uğurlu və effektiv şəkildə işlədiyini nümayiş etdirdiyini, bu ideologiyanın təntənəsini yaşatdığını vurğulayan rektor K.Abdulla ADU-nun da dünyanın müxtəlif dilləri və mədəniyyətlərini öyrədən ocaq kimi bu siyasi istiqamətin bir nöqtəsində yer tapdığını deyib: “ADU dünyada müxtəlif universitetlərdə elmi məkanlarda Azərbaycan həqiqətlərini multikulturalizm, tolerantlıq ideyaları, müxtəlif ideoloji amillər vasitəsilə dünya ictimaiyyətinə çatdırır. İnanıram ki, bugünkü konfransımızın da ümumi ruhu, ahəngi Ulu öndərin və Prezidentimizin bu istiqamətdəki fəaliyyətini dərindən öyrənmək və gələcəkdə bu fəaliyyətin müxtəlif istiqamətlərini dünya universitetlərində, Azərbaycanın bölgələrində yaymaqdan ibarət olacaq”.

Ağdam 1 nömrəli köçkün tam orta məktəbi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Şamaxı rayon 2 nömrəli tam orta məktəbi, Binəqədi rayon 298 nömrəli məktəb, 92 nömrəli məktəb, E.Ağayev adına 198 nömrəli məktəb, 314 nömrəli məktəb, V.əzizov adına 30 nömrəli məktəb, Nərimanov rayonu 36 nömrəli tam orta məktəb, 264 nömrəli məktəb-liseyi, Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi, Yasamal rayon 225 nömrəli tam orta məktəb, Nizami rayon 227 nömrəli tam orta məktəb, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəb, E.Tağızadə adına 164 nömrəli tam orta məktəb, 204 nömrəli tam orta məktəb, Hüseynov adına tam orta məktəb, Nəsimi rayonu 46 nömrəli tam orta məktəb, Nəsimi rayonu 42 nömrəli tam orta məktəb, 299 nömrəli tam orta məktəb, Suraxanı rayonu 275 nömrəli tam orta məktəb, Binəqədi rayonu 260 nömrəli məktəb-liseyi, Ağdam rayon 47 nömrəli köçkün tam orta məktəbi, Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəb, Cocuqmərcanlı kənd tam orta məktəbinin direktor və şagirdlərini salamlayan rektor K.Abdulla onları universitetdə görməyin olduqca sevindirici və şərəfli olduğunu vurğulayıb: “Biz gərək elə edək ki, onların iki günlük Bakı tətilləri və konfrans yadlarında əbədi qalsın”. Cocuqmərcanlı kənd tam orta məktəbinin adını çəkdikdə qəhərlənən rektor – “Əlbəttə ki, bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuqmərcanlı durur” – sözlərini ifadə edib.

K.Abdulla Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – DTX Akademiyası, Gəncənin Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Universiteti, Bakı Xoreoqrafiya Kolleci, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Kaspi Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Əmək və sosial münasibətlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu, Gəncə Dövlət Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialının rektor və nümayəndələrini ADU-da salamlamaqdan böyük məmnuniyyət duyduğunu bildirib.

Konfransın həyata keçirilməsinin asan olmadığını söyləyən  K.Abdulla bu işdə zəhmət sərf edən məktəb kollektivinə, universitet dekanlarına, Tələbə Elmi Cəmiyyətinə (TEC), tələbə və magirtantlara, o cümlədən ADU-nun müəllim heyətinə iki gün ərzində burada müxtəlif bölgələrdən gələn iştirakçı şagirdlərlə təmasda olduqlarına, onlara rəhbərlik etdiklərinə, elmi istiqamətlər göstərdiklərinə görə təşəkkürünü bildirib: “Bir şagirdin həyatına bir universitet professoru daxil olur, onun elmi yaradıcılığını gələcəkdə də işıqlandırmağa cəhd göstərir. İnanıram ki, bu istiqamətlər həmin şagirdlərin gələcək elmi həyatlarına da işıq salacaqdır”.

Konfransın bölmə iclaslarında Azərbaycan dili, müasir Azərbaycan, tariximiz, mədəniyyətimiz ilə bağlı çox maraqlı məruzələrin olduğunu deyən rektor bu konfransın tərəfləri daha yeni layihələrə həvəsləndirəcəyinə ümid etdiyini vurğulayıb: “ADU ilə məktəblər arasında əlaqələrin yalnız pedaqoji təcrübə müddətində deyil, müxtəlif istiqamətlər üzrə də davam edəcəyinə ümid edirəm. Universitetimizin qapıları həmişə sizin üzünüzə açıq olacaq. Hamınızı bağrıma basıram, konfransın işinə uğurlar arzulayıram. Ümid edirəm ki, bu şagirdlərin hamısı gələcəkdə bizim universitetin layiqli tələbələri olacaq”.

N.Aslanov adına Cocuqmərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev dəvət görə minnətdarlığını bildirib. Azərbaycan Dillər Universitetinin respublikada öz sözünü demiş, potensiallı universitet olduğunu deyən Z.Həziyev burada çıxış etməyin məsuliyyət tələb etdiyini dilə gətirib. ADU-da isti münasibətlə qarşılandıqlarını deyən Z.Həziyev təşkilatçılara və könüllülərə təşəkkürünü bildiririb.1993-cü ilin oktyabr ayında 12 yaşı olarkən ermənilərin torpaqlara soxulması ilə əlaqədar Cəbrayıl rayonunu tərk etdiyi anları xatırlayan Z.Həziyev şahidi olduğunu məqamları danışıb: “Şükürlər olsun ki, 24 il sonra 37 yaşımda öz torpağımıza qayıtdım. Bu gün Cocuqmərcanlı çox gözəl günlərini yaşayır. Xaraba halına salınmış kəndin yerində gözoxşayan məktəb binası, yaşayış yerləri tikildi, şərait quruldu. Cənab Prezident özü kəndin açılışında məktəbimizin qonağı omuşdur. 1993-cü ildə yaşanan ağır vəziyyətdə Ümummilli lider bir neçə il hakimiyyətə tez gəlmiş olsaydı, torpaqlarımız işğal olunmazdı. 1994-cü ilin uğurlu Horadiz əməliyyatında Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi işğaldan azad edildi. Lakin bir neçə ay erməni əsarətində qalan kənd viranə günə qalmışdı. Yaşayış orada mümkün deyildi, ermənilər yaxınlıqdakı yüksəklilərin hamısına nəzarət edirdilər. Üstündən illər keçsə də, biz ordumuzun həmişə qələbəni əldə edəcəyi günü gözləyirdik, bu arzu  ilə yaşayırdıq. 2016-cı ilin aprel döyüşlərində biz çoxlu şəhidlər verdik. Lələtəpə yüksəkliyində gedən döyüşlər nəticəsində çoxlu şəhidlər verdik. Lakin ordumuz öz sözünü dedi. Ermənilər belə bir fikir yürüdürdülər ki, Lələtəpə istiqaməti 1994-cü ildə nə qədər cəhd olunsa da, alına bilməmişdi. Lakin 2016-cı ildə ermənilər layiqli cavablarını almışdılar”. Konfransın yüksək səviyyədə təşkil olunduğunu deyən və konfransın işinə uğurlar arzulayan Z.Həziyev qəlbində sözlərinin çox olduğunu bildirib: “Ümummilli lider haqqında bir saat, iki gün, aylarla danışsaq, azdır. Yaxşı ki, həyatımızda Ümummilli lider kimi şəxs olub”.

Konfransda Kəlbəcər rayonu 1 saylı orta məktəbinin direktoru Fərqanə Əhmədova dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə “Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdir siyasi xadim rəhbərlik edib” sözlərinin səsləndiyini qeyd edib. H.Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın əbədi müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyduğunu söyləyən F.Əhmədova Ulu öndərin bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider olduğunu bildirib. O, 1969-cu il iyulun 14-də əbədi olaraq Azərbaycan xalqının tarixinə həkk olunduğunu deyib: “Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan Respublikasının dayanıqlı inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-də isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə ikinci Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan respublikası adlı dövlətin mövcudluğu mümkün olmayacaqdı. Həqiqətən, bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən siyasi hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik məsuliyyətini yalnız Ulu öndər Heydər Əliyev öz üzərinə götürə bilərdi”. O, Ulu öndərin uğurlu siyasətinin bu gün gördüyü bütün təqdirəlayiq işlərlə xalqın rəğbətini qazanan, Azərbaycan milli maraqlarını qoruyan, ölkəmizin təhlükəsizliyinə nail olan alternativsiz lider cənab prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb: “Prezident İlham Əliyevin gərgin işgüzar siyasi fəaliyyəti sayəsində ölkəmiz günü-gündən daha da inkişaf edir və dünya ölkələri sırasında öz layiqli yerini tutur”. Akademik K.Abdullanın rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetinin gələcəyin səriştəli müəllimlərinin formalaşamasında uğurlarının danılmaz olduğunu söyləyən F.Əhmədova bu gün yüksək nəticə göstərmiş tələbələrin burada təhsil aldığını və sabahın savadlı müəllimləri kimi yetişdiyini qeyd edib: “Həmin tələbələrin pedaqoji təcrübələrinin keçirməsini məcburi köçkün məktəblərində təşkil olunması məni Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəbin direktoru kimi sevindirir və biz müəllimlərdə tədris zamanı yaradıcı yanaşmağımızda ruh yüksəkliyi yaradır. Mən istərdim, ADU-nun məzunları müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq məcburi köçkün məktəblərində çalışsınlar”. F.Əhmədova müəllimlərin işğal altında olan torpaqların Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına əmin olduqlarını bildirib.

 ADU-nun tələbəsi, xəlifə rektor Nicat Aşurov, Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin 10B sinif şagirdi Lalə Ələsgərli akademik K.Abdullanın təşəbbüsü ilə bu kimi keçirilən yerli və beynəlxalq konfransların dünya və respublika səviyyəsində Ulu öndərin ideyalarının öyrənilməsində xüsusi rol oynadığını söyləyiblər. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mötəbər işlərdən söz açıblar.

Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov bugünkü konfransın bir neçə aspektə görə əhəmiyyətli olduğunu bildirib: “Konfransın mövzusu baxımdan əhəmiyyətli olması ilə yanaşı, bundan öncə baş tutmuş beynəlxalq konfransın məntiqi davamı hesab etmək olar”. O, bir sıra alimlərin elm haqqında irəli sürdüyü fikirləri səsləndirib və konfransın mövzusu ilə əlaqələndirib. Şagirdlərin universitetə gəlməklə, ADU-da gedən proseslər vasitəsilə onların elmi nailiyyətlərin şahidi olduqlarını söyləyib: “Biz professor-müəllim heyəti olaraq, gələcək tələbələrimizi bu gün universitetdə görürük. Elm artıq xəyallarımızı qabaqlayır. Bu mənada hesab edirəm ki, bu layihə çox əhəmiyyətli və vacibdir. Həm məktəb, həm universitet müqəddəs məbəddir. Bu məbədin sakinləri hörmətə layiq insanlardır”.

ADU-nun qonağı olan Türkiyənin Ankara Universitetinin Təhsil fakültəsinin dekanı professor xanım Qorxmaz universitet tələbələri və məktəb şagirdlərinin bir araya gələrək Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı müzakirələr aparmasını təqdirəlayiq hal hesab etdiyini bildirib. O, konfransın işinə uğurlar arzulayıb.

Nərimanov rayonu 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva konfransın təşkilinin böyük əmək tələb etdiyini qeyd edib: “Bu gün tələbələrlə yanaşı, məktəblilər də iştirak edir. Onlar üçün burada etdikləri çıxışların gələcəkdə daha böyük kürsülərdə çıxış üçün böyük motivasiya, böyük şansdır”. Azərbaycan xalqı, gənc nəsil üçün ən böyük dəyərin Heydər Əliyevin əsasını qoyduğu vətəndaşlıq tərbiyəsi, mədəni-mənəvi irsin öyrədilməsi olduğunu söyləyən E.Səfərəliyeva bildirib ki, bu gün ictimai vəzifələrdən birinin bu irsi öyrədilməsi, onun tədqiq olunmasıdır. Konfrans iştirakçılarına uğurlar arzulayan E.Səfərəliyeva bu konfransın ənənəyə çevrilib davamlı olacağına inamını ifadə edib.

Tələbə Elmi Cəmiyyətinin sədri Lamiə Muğalova ADU-nun tarixində ilk dəfə tələbə-şagird elmi konfransının keçirildiyini söyləyib. O, konfransın “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Dil və ədəbiyyat”, “Pedaqoqika və psixologiya”, “Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda bölmə iclasları ilə davam edəcəyini və iclaslarda tələbə-müəllim heyəti ilə yanaşı, məktəb şagirdlərinin də məzurələrlə çıxış edəcəklərini diqqətə çatdırıb.

Konfrans mayın 19-da başa çatacaq.