XƏBƏRLƏR

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabına həsr olunmuş tədbir keçirilib

17 may, 2018

Mayın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Səbail rayonu 6 nömrəli məktəb-liseydə pedaqoji təcrübədə olan IV kurs tələbələrinin təşkilatçılığı ilə  “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabına həsr olunmuş tədbir keçirilib.

İlk olaraq şagirdlərdə Azərbaycan Dillər Universiteti haqqında dolğun fikir yaratmaq məqsədi ilə  ADU-nun tanıtım çarxı təqdim olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov bildirib ki, müharibə şəraitində yaşamağına baxmayaraq, Azərbaycan dövləti öz daxilində hər zaman humanistliyi qoruyub saxlamaqdadır: “Afrikada, Avropada dini və milli zəmində böyük problemlər yaşanmaqdadır. Azərbaycan dövləti bu prosesləri tənzimləyir və ona xüsusi diqqət ayırır. Azərbaycanın gənc nəsli də bu yolda savadı, mədəniyyəti və dünyagörüşü ilə dövlətimizə dəstək olmalı, bayrağımızı hər zaman yüksəklərdə tutmalıdır. Əgər bir insanın mədəniyyəti, dünyagörüşü yüksək səviyyədədirsə, bu, artıq onun xalqının, millətinin səviyyəsinin göstəricisidir”.

6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova mövzunun şagirdlər üçün çox vacib olduğunu vurğulayıb və əlavə edib ki, bu gün təhsilin əsas istiqamətlərindən biri məhz multikulturalizmdir. Vətən üçün layiqli, sədaqətli, savadlı nəslin yetişdirilməsinin əsas hədəflər olduğunu deyən direktorun sözlərinə görə, məktəbdə dünya mədəniyyəti, tarixi, dinlərini tədris edərkən ilk növbədə onlara hörmətlə yanaşmaq təlqin olunur.

ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev qeyd edib ki, Azərbaycan bu gün bütün dünyaya örnək bir ölkədir. Multikulturalizmin Azərbaycanda siyasi banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun sayəsində Azərbaycanda bütün dinlərə hörmət və ehtiram hissi var. Bu gün də ulu öndərin siyasətini ölkə Prezidenti İlham Əliyev layiqli şəkildə davam etdirir.

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Nurlanə Mustafayeva pedaqoji təcrübə müddətində tələbələrə yaradılan şərait üçün məktəb-liseyin rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra Avropada bəzi cəmiyyətlərdə multikulturalizmin mövcud olmasına baxmayaraq hüquqi sistemin insanları humanist, multikultural olmağa məcbur etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkəmizdəki tolerant mühitin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin nəticəsidir və Azərbaycanda dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşa bərabər münasibət mövcuddur.

Məktəb-liseydə təhsil alan yəhudi və pakistanlı şagirdlər çıxış edərək Azərbaycanda illərdir yaşadıqlarını, digər millətlərdən olmalarına baxmayaraq öz dinlərinə, dillərinə, adət-ənənələrinə qarşı çox səmimi, isti münasibət, hörmət gördüklərini və bu dəyərlərə görə də Azərbaycan xalqını çox sevdiklərini bildiriblər.

Tədbirdə şagirdlərin ifasında Abdulla Şaiqin “Həpimiz bir günəşin zərrəsiyiz!”, dahi Hüseyn Cavidin “Qız məktəbində” şeirləri səsləndirilib.