Azərbaycan Dillər Universitetində "İspan dili və mədəniyyəti" festivalı keçirilib
Mayın 22-də Azərbaycan Dillər Universitetində (ADU) "İspan dili və mədəniyyəti" festivalı keçirilib. ADU-nun İspan dili mərkəzi və İspaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən festival ADU-nun İspan dili kafedrasının yaranmasının 25 illiyinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev universitetdə ispan dilinə böyük maraq olduğunu bildirib. Bu marağın günü-gündən artdığını deyən prorektor ispan dilinin tədrisi üçün yaradılan şəraitin inkişaf etdirilməsi üçün ADU-nun İspaniya səfirliyi ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboada tədbirin əsas mahiyyətinin ispan mədəniyyəti və dilini təşviq etmək olduğunu deyib. Bu il həm də Azərbaycan Dillər Universitetində İspan dilinin tədrisi departamentinin yaradılmasının 25 illiyinin tamam olduğunu söyləyən İ.S.Taboada ispan dili ixtisası üzrə təhsil alan tələbələr arasında bu dilə çox böyük maraq olduğunu bildirib. Azərbaycan və İspaniya arasındakı əlaqələrə toxunan diplomat iki ölkə arasında əlaqələrin bu gün çox yaxşı səviyyədə olduğunu vurğulayıb.
ADU-nun Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri dosent Aynur Quliyeva kafedranın çalışqan və təcrübəli müəllimləri sayəsində tələbələrin ispan dilini böyük sevgiylə mənimsədiklərini deyib.
ADU-da fəaliyyət göstərən ispan dili müəllimi Fransisko Kapiya Martin ispan dilinin dünyada əhəmiyyətindən, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Hüseynağa Əmirov ispan dilini sevərək öyrənməsi və öyrətməsindən danışıb. H.Əmirov özünün Azərbaycan dilinə tərcümə etdiyi Federiko Qarsiya Lorkanın “Gitara” şeirini söyləyib.
Tədbirdə ADU-nun ispan dilini tədris edən müəllimləri, həmçinin ispan dilini öyrənən tələbələri arasında “İspan dili mənim üçün nədir?” mövzusunda keçirilmiş sorğu əsasında hazırlanmış video-süjet nümayiş olunub.
Daha sonra ADU-nun ispan dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən Antonio Maçado, Migel Ernandesin İspaniya haqqında yazdığı şeirləri səsləndirilib, İspaniya və Latın Amerikasının dünyaca görkəmli şəxsiyyətlərinə məxsus fikirləri söylənilib, ispan mədəniyyətinə məxsus rəqslər, mahnılar ifa edilib.