XƏBƏRLƏR

Təcrübəçi tələbələrin təşkil etdikləri “Şeir müsabiqəsi”

22 may, 2018

ADU-nun Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri Həmidə Əliyeva, laboratoriyanın aparıcı elmi işçisi Nuridə Muxtarzadə, böyük elmi işçisi Fidan Abdurəhmanova, Təcrübə, professional inkişaf və karyera şöbəsinin baş mütəxəssisi Səidə Əhmədova Mingəçevir şəhərində yerləşən  47 saylı Ağdam məcburi köçkün tam orta məktəbində pedaqoji təcrübədə olan tələbələrə baş çəkiblər. Həmin gün məktəbdə təşkil olunan maraqlı Novruz şənliyi – su çərşənbəsi bayramı münasibətilə tədbirdə ADU-nun təcrübəçi tələbələrinin hazırladıqları şagirdlər ingilis və Azərbaycan dillərində şeirlər söyləyiblər.

Tədbirdə Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri Həmidə Əliyeva ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən bölgələrdə məcburi köçkün məktəblərində təcrübə prosesində iştirak etməyin vətəndaşlıq borcu olduğunu söyləyib. Özünün əslən Şuşadan olduğunu fəxrlə söyləyən H.Əliyeva lap yaxın gələcəkdə bu çərşənbələrin Azərbaycan ordusu tərəfindən azad olunacaq torpaqlarımızda keçiriləcəyinə əmin olduğunu dilə gətirib. Laboratoriyanın əməkdaşları N.Muxtarzadə və Fidan Abdurəhmanova Azərbaycan folklorunun ən qədim nümunəsi olan “Kitabi Dədə Qorqud” salnaməsindən bəzi nümunələri müəllim və şagirdlərin nəzərinə çatdırıblar.

Tədbir müxtəlif səhnəcik, şeir və mahnı ifaları ilə davam edib.