XƏBƏRLƏR

ADU-da “ΑΧC və multikulturalizm” mövzusunda tədbir keçirildi

21 may, 2018

Azərbaycan Dillər Universitetində müntəzəm olaraq tələbələr üçün maarifləndirici tədbirlər, seminarlar, dəyirmi masalar təşkil edilir. Növbəti seminar cənab Prezident İlham Əliyevin AXC-nin yaradılmasının 100 illiyinin keçirilməsi haqqındakı Sərəncamına müvafiq olaraq Tərcümə fakültəsində keçirilib. Tədbir ADU Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyası tərəfindən Təhsil fakültəsinin və Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin birgə əməkdaşlığı ilə təşkil edilib. Seminarda ADU Multikulturalizm ETL-nın əməkdaşları, Təhsil, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin müəllim-tələbə heyəti iştirak edib.

Seminar Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Sonra giriş sözü ilə çıxış edən Təhsil fakültəsinin dekanı, fil.e.d., prof. Fikrət Cahangirov cənab Prezidentin müvafiq Sərəncamının bu kimi tədbirlərin keçirilməsi üçün əhəmiyyətini, Cümhuriyyət tariximizin tələbələr tərəfindən öyrənilməsinin vacibliyini qeyd etdi. Daha sonra Multikulturalizm ETL-nın elmi işçiləri - Turan Kərimli “AXC və təhsil” mövzusunda, t.ü.f.d. Əli Fərhadov “AXC qanunlarında multikulturalizm” mövzusunda, f.ü.f.d. Rəşad İlyasov “AXC dövründə din və dövlət” mövzusunda, ADU II kurs tələbəsi Günel Mehdiyeva “AXC parlamentində və hökumətində qeyri-azərbaycanlılar” mövzusunda  məruzə ilə çıxış ediblər. Cümhuriyyət dövründə tolerantlıq və multikulturalizm siyasətinin qanunvericilikdə, təhsil və din siyasətində və s. sahələrdə tətbiqi haqqında geniş məlumat verilib.

ADU rektorunun müşaviri Anar Osmanlı tədbirin  multikulturalizm və AXC-nin yaradılmasının 100 illiyinin keçirilməsi haqqında cənab Prezidentin sərəncamlarının önəmi və bu kimi tədbirlərin gələcəkdə də təşkil edilməsinin vacibliyi haqqınd danışıb.

Seminarın sonunda tələbələrin suallarını məruzəçilər cavablandırıb.