XƏBƏRLƏR

ADU-nun idmançı tələbələri mükafatlandırılıb

07 iyun, 2018

İyunun 6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş fakültələrarası birincilik müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib. Tədbirdə Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Misgər Məmmədov, Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva, İdman klubunun müdiri Ramin Mahmudov, klubun baş müəllimi, dosent Lyüdmila Şirəliyeva və tələbələr iştirak edib.

Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Misgər Məmmədov çıxışlarında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, tələbələrin elmi baxımdan inkişafı ilə yanaşı, könüllü şəkildə fiziki hazırlıq, sağlamlığın qorunması istiqamətində rəqabət aparmaqları təqdirəlayiqdir. ADU-da tələbələrin idmanın müxtəlif sahələri ilə məşğul olmaları üçün münbit şərait yaradıldığı söylənilib.

Daha sonra birincilik yarışmasının qalibləri diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, aprelin 26-dan mayın 13-nə kimi davam edən fakültələrarası yarışma idmanın futzal, voleybol, dama və şahmat növləri üzrə keçirilib. Komanda oyunlarında futzal idman növü üzrə 17 komanda arasından I yerə Təhsil fakültəsinin, II və III yerlərə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri, voleybol idman növündə 4 komandadan I yerə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin, II yerə Təhsil fakültəsinin, III yerə Filologiya və jurnalistika fakültəsinin tələbələri sahib olub.

Fərdi oyunlarda dama idman növü üzrə I yerə Esseks 7 qrup tələbəsi Ağca Davudzadə, II yerə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 241 qrup tələbəsi Səməd Əliyev, III yerə Esseks 7 qrup tələbəsi Aynur Əhmədova, şahmat idman növü üzrə I yerə S301-4 qrup tələbəsi Polad Əzimov, II yerə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 241 qrup tələbəsi Səməd Əliyev, III yerə isə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 444 a və b qrup tələbələri Hüseyn Hüseynov və Ceyhun Akifzadə layiq görülüblər.

Təltifetmə mərasimində, həmçinin mayın 21-də ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş idman yarışlarında cüdo idman növü üzrə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 241 qrup tələbəsi Səməd Əliyev 60 kq çəki dərəcəsində, Filologiya və jurnalistika fakültəsinin 336-cı qrup tələbəsi İlkin Orucov 66 kq çəki dərəcəsində III yeri qazanmaları münasibəti ilə mükafatlandırılıblar.