XƏBƏRLƏR

ADU-da “İkinci xarici dilin tədrisinin aktual problemləri” adlı dəyirmi masa keçirilib

05 iyun, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika, Təhsil, Beynəlxalq münasibətlər və idarəetmə fakültələrinin nəzdində fəaliyyət göstərən Xarici dillər kafedraları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində “İkinci Xarici dilin tədrisinin aktual problemləri” adlı dəyirmi masa keçirib.

Açılış nitqi ilə çıxış edən kafedra müdiri dosent Şaban Şabanov 100 il öncə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyəti dövründə gördüyü işlərdən danışıb. O, qeyd edib ki, 23 ay mövcud olmasına baxmayaraq demokratik respublika dövlət quruculuğu, ictimai-siyasi həyat, eləcə də elm və təhsil sahəsində mühüm əhəmiyyətə malik addımlar atıb. Həmin dövrdə dil və təhsil məsələlərinə xüsusi diqqət yetirildiyini deyən Ş.Şabanov 21 avqust 1919-cu il tarixli iclasın Azərbaycanda ilk Darülfünun (universitetin) açılması ilə bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, iclasda həmçinin tez bir zamanda Azərbaycanın özündə də zəngin Avropa dillərindən birini tədris edən darülfünunun açılmasının zəruriliyindən bəhs edilmişdi. Ş.Şabanov əlavə edib ki, Azərbaycan xalqının tarixində iz qoyan bu hadisə unudulmayıb, xalqımızın yenidən müstəqilliyinə qovuşması ilə nəticələnib.

Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dosent Yasəf Mürşüdov, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dosent Kifayət Hacıyeva 28 May Respublika Günü ilə bağlı bəzi tarixi faktlardan söz açıblar. Onlar, 3 kafedranın iştirakı ilə keçirilən dəyirmi masanın kafedralararası əməkdaşlığı daha da genişləndirəcəyini bildiriblər.

Dosent Naibə Camalzadənin təşəbbüsü ilə Təhsil fakültəsinin 201 b, 223 a qrup tələbələri Aygül Nəcəfova, Gülnarə Hacıyeva, Şəbnəm Həşimova və Səfurə Əliyeva Cümhuriyyətin 100 illiyinə həsr olunmuş çıxışlarında Azərbaycan Respublikasının qədim dövrdən bu günə qədər keçdiyi tarixi inkişaf yolundan bəhs ediblər, bu tarixi xronoloji ardıcıllıqla əks etdirən slaydlar təqdim olunub.

Tədbirdə Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillər kafedrasının əməkdaşı professor Dilarə İsmayılova “İkinci xarici dilin tədrisinin çətinlikləri”, eyniadlı kafedranın dosenti Leyla Həmidova “Когнитивный аспект процесса перевода и его роль в обучении русскому языку как иностранному”, Təhsil fakültəsinin nəzdində Xarici dillər kafedrasının əməkdaşları dosent Aida Sobor “Bilinqvizm (ikidillilik)” müəllim Nigar Rəhmanova “Funksional üslubları, sosial liqvistik parodiqmalar kimi”, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının əməkdaşları fil.f.d. Günay Müslümova “İngilis dilinin tədrisində müasir texnologiyanın rolu” və dosent Aytən Rzayeva “Xarici dilin tədrisində İKT-nin rolu” adlı mövzularda məruzə ilə çıxış ediblər.

Daha sonra tələbələrin II Xarici dilin tədrisinin aktual problemləri ilə bağlı məruzələri dinlənilib.