ADU-da “İşarət dili” mövzusunda “Onlara doğru bir addım” adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “İşarət dili” mövzusunda “Onlara doğru bir addım” adlı tədbir keçirilib. Tədbirdə Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova, “Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova, işarət dili təlimçisi Mahmud Səfərov, qurumun idarə heyətinin üzvləri Aytac Qədirova, Yasin Məmmədov, Emin Hüseynli, Amil Məmmədov, Nərgiz Abdulova və koordinator Aidə Səfərova iştirak ediblər.
Tədbir işarət dili ilə hazırlanmış və dövlət tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri S.Zamanova kafedra tərəfindən keçirilən belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
“Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova işarət dilinin əhəmiyyəti və rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb.
Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi S.Musayeva insanın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması və özünü ifadə etməsi üçün nitqin əsas vasitələrdən olduğunu bildirib. O, nitq qüsurları və onun səbəblərindən, eşitmə və nitq məhdudiyyətli şəxslərlə ünsiyyət qurmaq üçün işarət dilinin öyrənilməsinin vacibliyindən bəhs edib.
Daha sonra “Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” İctimai Birliyinin işarət dili təlimçisi M.Səfərov və koordinator A.Səfərova işarət dili ilə bağlı təlim keçiblər.