XƏBƏRLƏR

ADU Şanxay Pedaqoji Universiteti ilə əməkdaşlıq edəcək

07 avqust, 2018
Azərbaycan Dillər Universitetində (ADU) Çinin Şanxay Çin Şərq Pedaqoji Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə  iki təşkilat arasında gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqları salamlayan Azərbaycan Dillər universitetin tədris işləri üzrə prorektoru Əfqan Abdullayev onları ADU-da görməkdən məmnun olduğunu ifadə edib. Professor Ə.Abdullayev ölkəmizdə ali təhsilin inkişafına dair dövlət strategiyası haqqında danışıb. Bildirib ki, Azərbaycanın ali təhsil proqramları ən müasir beynəlxalq təcrübəni tətbiq etməklə daim inkişafdadır. Universitetin tarixi və tədris prosesi haqqında ətraflı məlumat verən professor Ə.Abdullayev ADU-nun əsasən pedaqoji, beynəlxalq və tərcümə sahəsində mütəxəssislər yetişdirdiyini qeyd edib. ADU-nun beynəlxalq əlaqələr sahəsinə toxunan professor Ə.Abdullayev ali təhsil müəssisəsinin dünyanın bir çox ölkələrinin, o cümlədən Çinin aparıcı universitetləri ilə əməkdaşlıq etdiyini bildirib. O, eyni zamanda universitetlər arasında təhsil sahəsində mövcud olan əməkdaşlığın Azərbaycan-Çin humanitar əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib. ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov institutun elmi, tədris və ictimai fəaliyyəti, həmçinin tarixi İpək yolunun dirçəlməsi ilə qlobal “Bir kəmər və bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə danışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli dostluq və əməkdaşlıq istiqamətində gördüyü işlərdən söz açıb və qonaqları müvafiq məlumat bazası ilə tanış edib. “Bir kəmər, bir yol” konsepsiyasının əsas məqsədinin trans-Avrasiya iqtisadi və nəqliyyat dəhlizlərinin yaradılması olduğunu söyləyən R.Abbasov bu təşəbbüsün həyata keçirilməsində Azərbaycanın iştirakını xüsusi vurğulayıb. Çinin Şanxay Çin Şərq Pedaqoji Universitetinin Xarici tələbələrlə iş üzrə idarə rəisi Xuan Mey Syu ADU-da olmaqdan məmnunluğunu ifadə edib və səmimi qəbula görə təşəkkür edib. Çinin qədim universitetlərindən biri olan Şanxay Çin Şərq Pedaqoji Universiteti haqqında danışıb, ali təhsil müəssisəsinin xarici universitetlərlə beynəlxalq mübadilə sahəsində inkişaf etdiyini xüsusi vurğulayıb. Xuan Mey Syu Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini yüksək qiymətləndirib. O, Konfutsi İnstitutunun aktiv fəaliyyətinin Azərbaycan və Çin xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verdiyini vurğulayıb. Çindən gələn qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi Azəbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasındakı ənənəvi dostluq əlaqələrinin, çoxşaxəli  əməkdaşlığın möhkəmlənməsi və inkişafı uğrunda fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı və Azərbaycan dilində nəşr olunmuş ÇXR-in Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.