XƏBƏRLƏR

ADU-da amerikalı tələbələr üçün təşkil olunan yay məktəbi başa çatıb

03 avqust, 2018
Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı çərçivəsində Azərbaycan dilini öyrənmək üçün ADU-da təşkil olunan yay məktəbinin bağlanış mərasimi keçirilib. Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova yay məktəbinin öz işini uğurla başa vurduğunu söyləyib. Bu proqramın böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran prorektor artıq amerikalı tələbələrin ölkəmiz haqqında müəyyən təəssüratlara malik olduqlarını qeyd edib. Hər layihənin sonunun növbəti layihələr üçün başlanğıc olduğunu söyləyən J.Qəribova yay məktəbində əldə etdikləri biliklərin amerikalı tələbələr üçün yeni qapılar açacağına əminliyini ifadə edib. J.Qəribova layihənin uğurla həyata keçməsində əməyi keçən şəxsləri təqdim edərək onlara təşəkkürünü bildirib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndəsi Raminə Mürşüdova, Amerika Şurasının ölkə direktoru Jodi Blankenşip və ADU-nun Qrantlar və layihələr şöbəsinin müdiri Səbinə Feyzullova on il ərzində həyata keçirilən layihənin uğurlu davam etməsindən, onun nəticələrindən və ilkin mərhələlərdə yaşanılan çətinliklərdən bəhs ediblər. Çıxışçılar layihənin icrasında əməyi keçən şəxslərə təşəkkür ediblər. Sonra amerikalı tələbələrlə iş üzrə rezident direktoru David Gibsonun müəllim və tələbələrə yay məktəbinin uğurla yekunlaşması münasibəti ilə ünvanladığı təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb. Yay məktəbində amerikalı tələbələrə Azərbaycan dilinin mənimsənilməsində yardımçı olan müəllimlər, dil həmkarları və ev sahibliyi edən valideynlər fikirlərini bölüşüblər. Amerikalı tələbələr Azərbaycanla bağlı təəssüratlarını ana dilimizdə bölüşərək xalqımızın qonaqpərvərliyindən, tədris prosesinin gedişatından, Azərbaycan mədəniyyətindən danışıblar, həmçinin Azərbaycanın şeir və musiqi nümunələri ifa ediblər. Qeyd edək ki, intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edən “Yay məktəbi” iyunun 3-dən avqustun 3-nə kimi davam edib. Azərbaycan Dillər Universiteti  ABŞ-ın Dövlət Departamenti ilə əməkdaşlıq çərçivəsində bu layihəni yeganə ali məktəb olaraq həyata keçirir. Yay məktəbinə Azərbaycan dilini başlanğıc və yüksək səviyyələrdə bilən 4 amerikalı tələbə qatılıb. Tələbələr Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin tarixi, coğrafiyası, iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti, musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olublar. Proqrama əsasən Azərbaycan dilini, mədəniyyətini, rəqsini və mətbəxini öyrənməklə yanaşı, amerikalı tələbələrin şəhərin görməli yerlərini, həmçinin muzeyləri, teatrları, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, maddi mədəniyyət abidələrini, dini yerləri və Qobustan, Şəki, Qubanın Xınalıq və İsmayıllının Lahıc kəndlərini ziyarət ediblər.