XƏBƏRLƏR

Finlandiya səfəri

12 iyun, 2018

Erasmus+ proqramına əsasən PETRA layihəsi çərçivəsində növbəti görüş 28 may -  01 iyun tarixlərində Finlandiyanın Jyvaskyla Universitetində təşkil olundu. Azərbaycan, İspaniya, Finlandiya, Türkiyə, Macarıstan və Avstriyadan ümumilikdə 14 universitetinin əməkdaşlıq etdiyi beynəlxalq PETRA ("Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities") proqramı Azərbaycan universitetlərində ali təhsilin keyfiyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır.  Müxtəlif ölkələrin universitetlərində təşkil olunan mütəmadi görüşlərin əsas məqsədi Azərbaycan universitetlərində Təlim-tədris mərkəzinin Avropanın dəstəyi ilə açılmasıdır. Bu dəfəki görüş xüsusi olaraq,  distant təhsil,  elektron təhsil, elekron kitabxana, elektron laboratoriyaların yaradılması, müəllim və tələbələr üçün xüsusi bir layihənin -  “moodle” portalının seçilməsi, dərs materiallarının, qiymətləndirmə meyarlarının, tələbələrin dərslərdə iştirakının bu portal vasitəsilə izlənməsi mexanizmi ilə fərqlənirdi. Beş gün mütəşəkkil formada təşkil olunan görüşlər və seminarlarda universitetlərin apardığı tədqiqat obyektləri, məqsədlər, uğur və nailiyyətlər, gələcək planlar müzakirə olundu. Növbəti görüş üçün hazırlıq planları və strategiya meyarları təqdim olundu.

Finlandiya təhsil sisteminin özəllikləri

Bildiyimiz kimi, Finlandiyanın təhsil sistemi dünyada ən güclü təhsil sistemi hesab edilir və reytinq cədvəlində uzun müddətdir ki, birinci yeri tutur. Bizim üçün də Finlandiya təhsil sistemi ve kitabxanalarıyla tanışlıq çox böyük maraq kəsb edirdi. Finlər 40 il öncə təhsil sistemində həyata keçirilən irimiqyaslı islahatlardan sonra ölkənin məktəb-təhsil sisteminin daima beynəlxalq reytinqlərin ilk pillələrində yer almasının səbəbinin çox sadə olduğunu qeyd edirlər. Onlar təhsil sistemlərində qərb ölkələrində qəbul olunmuş və kök salmış mərkəzləşmə modelinin əksini qurublar. Finlandiyada uşaqlar yeddi yaşa qədər məktəbə getmirlər. Uşaqlar özləri məktəbə tək başına piyada, ya da velosipedlə gedirlər. Fin mədəniyyəti uşaqların müstəqil yetişməsini vacib sayır. Tədris metodları kifayət qədər bəsitdir. 8-ci sinfə qədər bütün şagirdlərə eyni proqram tətbiq olunur. Yuxarı siniflərdə isə şagirdlər öz maraq və ehtiyaclarına uyğun tədris proqramı formalaşdırırlar. Müəllimlər isə metodologiyada tam sərbəstdirlər. Smartfon və planşetlərdən uşaqların diqqətini yayındlrmağln mümkünsüz olduğunu qəbul edən müəllimlər çox vaxt tapşırıqları, müzakirələri və viktorinaları da elektron qaydada təşkil edirlər. İbtidai sinifdə uşaqlara qiymət verilmir və onlar standart bir sınaq sisteminə tabe deyillər. Nadir hallarda ev tapşırığı hazırlayırlar. Məktəblilər yeniyetmə yaşına çatana qədər imtahan vermirlər. Finlər hesab edir ki, dərs öyrənməyin yeri məktəbdir. Sınaq stressi, özəl kurslar, repetitorlar yoxdur. Finlandiyada yalnız bir mütləq xarakterli standartlaşdırılmış test imtahanı var və bütün məktəblilər 16 yaşına çatanda bu imtahandan keçirlər.

Xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, Avropa universitetlərinin maraq göstərdiyi, faydalanmağa can atdığı Finlandiya təhsil sistemi ilə tanışlıq və  Jyvaskyla Universitetində təşkil olunmuş seminarlara Avropa ölkələri ilə birgə bizim də qatılmağımız çox qürurverici haldır. Bu da ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycan təhsil sisteminə göstərdiyi xüsusi qayğı və diqqətin nəticəsidir ki, digər qonşu dövlətlərdə deyil, məhz Azərbaycan Universitetlərində ali təhsilin keyfiyyətinin inkişaf etdirilməsi bu layihənin əsas hədəfi olaraq seçilib. Bu gün biz dünya təhsil statistikası reytinqində birinci yeri tutan Finlandiya universitetlərində Avropa universitetləri ilə birlikdə müzakirələrdə iştirak edirik. Bunun üçün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, daha sonra isə təmsil etdiyimiz universitetin - Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevə minnətdarıq.

Vüsalə Ağabəyli Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakultəsinin dekanı Filologiya üzrə fəsəfə doktoru, dosent