XƏBƏRLƏR

Zəngin mədəni irs – “Azərbaycan Tərcümə Ensiklopediyası”

04 iyul, 2018

Dövrümüzdə gənclərin əksəriyyəti istədikləri universitetdə, arzu etdikləri fakültələrdə oxumağın və təhsil aldıqları ixtisasa mükəmməl formada yiyələnməyin xəyalını qururlar. Bu baxımdan da, Azərbaycan Dillər Universitetinin tələbələri istər müəllim, istər filoloq, istərsə də tərcüməçilər aldıqları diplom və yiyələndikləri ixtisasa sahib olduqlarını, əsl mütəxəssis olaraq yetişdiklərini sübut etmək üçün mükəmməl dil biliklərinə yiyələnməlidirlər. ADU-da oxuyan hər tələbə öz ixtisasından asılı olaraq müxtəlif dillərdə orijinal ədəbiyyatlarla tanış olur. Təbii ki, mətnlərin məzmununun və formasının bir dildən başqa bir dilə köçürülməsi, tərcümə edilməsi, mütəxəssisdən çox böyük ustalıq tələb edir. Tərcüməçi bədii söz ustası kimi həm mətndəki dil xüsusiyyətlərini, həm də mətnin ümumi bədii dəyərini yaxşı duymalıdır. Çünki tərcüməçi yalnız mətni tərcümə etmir, o, tərcümə etdiyi dili daşıyan insanların mədəni və sosial mühitini, cəmiyyətini və müəllifin psixoloji yanaşmasını da oxucuya çatdırır.

Bu baxımdan da, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın ideya müəllifliyi və xüsusi təşkilatçılığı ilə uzun illərin zəhmətinin bəhrəsi olan yenicə çapdan çıxmış “Azərbaycan Tərcümə Ensiklopediyası” çox mühüm əhəmiyyət kəsb edir. “Sərəncamlar, sənədlər; Tərcümə elm sahəsi kimi; Tərcümənin nəzəri və praktik prinsipləri; Tərcümənin fəlsəfi əsasları; Tərcüməşünaslığın predmeti və problematikası; Azərbaycanda tərcümə ədəbiyyatı tarixi; Personalilər; Tərcümə terminləri lüğəti” adlı bölmələrdən ibarət olan bu ensiklopediya həm tərcüməçilər, həm filoloqlar, həm tarixçilər, həm gənc yazarlar, həm də təqdiqatçılar üçün xüsusi cığır rolunu oynayacaq.  Ensiklopediya zəngin mədəni irs, dünyagörüşünü formalaşdırmaq məqsədi ilə dünya ədəbiyyatı kitabxanasına daxil olmuş əsərlərin siyahısı, klassik dünya ədəbiyyatı, müasir dünya ədəbiyyatı, Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərini özündə cəmləşdirir. “Personalilər” bölməsində isə geniş şəkildə hər bir tərcüməçi və tərcümə olunmuş əsərlərin siyahısından ibarət statistik və informativ məlumat verilir. Həmin bölmədə Mirzə Fətəli Axundzadə, Abbas Səhhət, Abdulla Şaiq kimi yazıçı, filosof, ictimai xadimlərimizdən tutmuş müasir dövr tərcüməçi yazarlar və filoloqlarının, o cümlədən, Azərbaycan Dillər Universitetinin bir çox nümayəndələrinin yaradıcılığı və tərcümə etdikləri əsərlərin siyahısı ilə də tanış olmaq mümkündür.  Hər bir Azərbaycan vətəndaşının, dilçisinin, tərcüməçisinin gözləri qarşısında aydın mənzərə açan bu ensiklopediya Azərbaycanda tərcümə ədəbiyyatı tarixini əsrlər və dövrlərə görə təhlilini təqdim edir. Ensiklopediya həm də “Kitabi-Dədə Qorqud” dastanlarında Qurani-Kərimin 112-ci (İxlas) surəsinin sərbəst bədii tərcüməsinin verilməsini tərcümə sənətinin Azərbaycan ədəbiyyatında qədimliyini sübut edən ən başlıca və tutarlı dəlillərdən biri kimi göstərir.

Azərbaycanda tərcümə sahəsində yazılan ilk ensiklopedik toplu, mahiyyət etibarilə, nəzəri və praktik əhəmiyyətə malik olan “Azərbaycan Tərcümə Ensiklopediyası” ADU-nun Filologiya və Jurnalistika fakültəsinin elmi şura üzvləri tərəfindən də maraqla qarşılanılıb və geniş müzakirələrə səbəb olub.

Vüsalə Ağabəyli

Azərbaycan Dillər Universitetinin

Filologiya və Jurnalistika fakultəsinin dekanı

Filologiya üzrə fəsəfə doktoru, dosent