XƏBƏRLƏR

ADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransın açılışı keçirilib

25 oktyabr, 2018

Oktyabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransın açılışı keçirilib.

Öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfransda Böyük  Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn qonaqlar, eləcə də ADU və respublikanın digər universitetlərinin akademik heyəti iştirak edib.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bu günün təmtəraqlı və əlamətdar olduğunu söyləyib. K.Abdulla konfransın işində iştirak edən xarici və yerli qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib: “Dəvətimizi qəbul edib Bakıya gəldikləri üçün dilçi alimlərə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, qonaqlarımız Bakıdan xoş təəssüratlarla qayıdacaqlar və buraya bir daha səfər etmək haqqında düşünəcəklər”. ADU-nun konfranslarının dünyanın aparıcı elmi təşkilatlar, elm xadimləri tərəfindən maraqla qarşılandığını deyən rektor konfransda iştirak edən elm xadimləri ilə ADU-dakı həmkarları arasında yeni əlaqələr qurulacağına əminliyini ifadə edib.

Konfrans haqqında məlumat verən rektor K.Abdulla tətbiqi dilçiliyin bütün dilçilik sahələrinin əsasında durduğunu bildirib: “Bu gün dilçiliyin nəzəriyyə, üslubiyyat, qrammatika və digər aspektlərinin tədris olunmasında tətbiqi dilçilik mühüm rol oynayır. Onun vasitəsilə dilçiliyin digər sahələrinə də ekskurslar edə biləcəyik. Bu elmin özü ilə gətirdiyi innovativ xüsusiyyətləri digər elmlərdə də axtara biləcəyik. Tətbiqi dilçiliyin bütün problemlərinin araşdırılması dil tədrisini daha effektli şəkildə qurmağımıza kömək edir”.

Kamal Abdulla keçirilən beynəlxalq konfransların, elmi simpoziumların əsas

qayəsinin müxtəlif ölkələrdən, dinlərdən olan insanların bir-biri ilə ünsiyyət qura bilməsi, əlaqələrini möhkəmləndirməsi olduğunu qeyd edib: “Həmkarlar bu kimi konfranslarda həyati və elmi təcrübələrini zənginləşdirəcəklər. Bu işdə ADU-nun rolunun olmasından özümüzü xoşbəxt sayırıq”.

Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumundan danışan K.Abdulla bu tədbirin keçirilməsinin Azərbaycan həqiqətlərini dünya xalqlarına effektli şəkildə çatdırılmasının sübutu olduğunu söyləyib.

Sonra konfransın xarici qonaqları fikirlərini bölüşüblər, gələcək əməkdaşlığın perspektivlərindən söz açıblar.

Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovska “Qorunan və ifadəli – Britaniya və Amerika Mədəni Linqvistika Eynilikləri” adlı mühazirə ilə çıxış edib.

Konfransın davamında plenar iclas iştirakçıları Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Tətbiqi dilçiliyin hazırki vəziyyəti”, Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialının professoru Elçin Həşimovun “Dil şüurunda mədəniyyətin rolu və yeri” haqqında mühazirələrini dinləyiblər.

ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev konfransın işi haqqında ümumi məlumat verib. O, bildirib ki, 25-26 oktyabr tarixlərini əhatə edən konfransın işində “Birinci eksperimental və müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, “Xarici dillərin tədrisinə dair müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləri” bölmələri üzrə müzakirələr aparılacaq. Konfrans çərçivəsində yerli və xarici iştirakçılar İngiltərənin Durham Universitetinin professoru Maykl Bayramın skayp vasitəsilə mühazirəsində, həmçinin Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak edəcək.