XƏBƏRLƏR

ADU əməkdaşının kitabı çap olunub

02 aprel, 2018
Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Kəmalə Yusifovanın “Argentina iqtisadiyyatı” adlı dərs vəsaiti işıq üzü görüb. ADU-nun Elmi Şurasının qərarına əsasən çap olunan dərs vəsaitinin elmi redaktoru Azərbaycan Memarlıq və İnşaat Universitetinin Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının professoru H.Xəlilovdur. “İlkin-Ko MMC” mətbəəsində çap olunan dərs vəsaiti 274 səhifədən ibarətdir. Dərs vəsaitində Argentinanın coğrafi mövqeyi, qısa tarixi, iqtisadiyyatının ümumi və xüsusi cəhətləri, maliyyə, turizm və nəqliyyat sistemi, sosial-istiqadi həyatında baş verən proseslər, ekologiyası, Azərbaycan Respublikası ilə iqtisadi əlaqələri araşdırılır. Vəsaitdə Argentinanın dünya iqtisadiyyatında və beynəlxalq münasibətlər sistemində yeri, mövqeyi və əhəmiyyəti də təsvir olunur. Dərs vəsaitindən ali təhsil müəssisələrinin regionşünaslıq və diplomatiya sahəsində ixtisaslaşan tələbələr və magistrantlar, həmçinin müəllimlər bəhrələnə bilər. Beş fəsil və test suallarından ibarət olan dərs vəsaitində Argentina iqtisadi inkişafının ümumi xarakteristikası, iqtisadiyyatının başlıca cəhətləri, maliyyə-kredit, bank sistemi, sosial-iqtisadi problemləri, dünya iqtisadiyyatında Argentinanın yeri və rolu mövzuları izah olunub. Qeyd edək ki, K.Yusifova 2 dərs vəsaiti, 1 kitab, 12 proqram, 20-dən çox məqalənin müəllifidir, həmçinin bir sıra beynəlxalq elmi konfranslarda iştirak edib.