XƏBƏRLƏR

ADU-da "Azərbaycan ədəbiyyatında soyqırımı" mövzusunda tədbir keçirilib

30 mart, 2018
Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq ETL və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə "Azərbaycan ədəbiyyatında soyqırımı" mövzusunda tədbir keçirilib. Öncə soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib. Ttədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov tarix boyu Azərbaycan xalqının başına gətirilən faciələrin Azərbaycan ədəbiyyatında əks olunması məsələsindən danışıb. Akademik bildirib ki, Azərbaycan ədəbiyyatında son dərəcə əhəmiyyətli əsərlər çox olsa da, tarixi həqiqətlər həmin əsərlərdə lazımi qədər öz əksini tapmayıb: “Səməd Vurğunun “Vaqif” əsəri ən gözəl əsərlərdən biridir. Bədii dilimizin inkişafında bu cür əsərlərin çox böyük rolu olub, amma tarixi həqiqət öz əksini tapmayıb. Bunu Səməd Vurğunun özü də, tarixçilər də, ədəbiyyatçılar da etiraf edib. Biz bundan sonra əsərlərdə tarixi hadisələri necə əks etdirməliyik? Bunun özü də çox əhəmiyyətli bir məsələdir”. Muxtar İmanov deyib ki, ermənilər təkcə insanları kütləvi şəkildə və vəhşicəsinə öldürməklə kifayətlənməyib, eləcə də azərbaycanlılara qarşı mənəvi soyqırımı siyasətini də həyata keçirib. “Mədəniyyət abidələrimiz dağıdıldı, arxivlər yandırıldı. “İsmayilliyə” binası, “Kaspi” qəzetinin, “Açıq söz” qəzetinin redaksiyası yandırıldı. Mənəvi sərvətlərimizə qarşı törədilən terrordan sonra bizim ən böyük silahımız xalqın yaddaşında qalan həmin hadisələri əks etdirən kitabları yenidən çap etmək idi”. AMEA-nın müxbir üzvü, millət vəkili professor Musa Qasımlı arxivlərin məhv edilməsi məsələsinə diqqət çəkib: “8 ölkə arxivində araşdırma aparmışam. 2004-cü ildə ABŞ-ın Milli Arxiv İdarəsində işləyəndə bir sənədlə rastlaşdım. Bu “Qafqazda müsəlmanların öldürülməsinə etiraz olaraq müsəlman nümayəndələrinin Amerika prezidenti Vudro Vilsona müraciəti” adlı bir sənəd idi. Həmin sənəd əvvəl arxivlərdə olub, sonra isə üzərindən xətt çəkilərək siyahıdan çıxarılıb. Yəni o sənədi tapmaq mümkün deyil. Demək olar ki, bütün arxivlərdə türklərin, müsəlmanların öldürülməsi ilə bağlı nə qədər sənəd varsa, hamısı siyahıdan çıxarılaraq məhv edilib”. Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev 1918-ci il Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində dinc əhalinin kütləvi surətdə qətlə yetirildiyini, kəndlərin yandırıldığını və milli mədəniyyət abidələrinin məhv edildiyi barədə ətraflı danışıb. Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aytən Hacıyeva "Azərbaycan ədəbiyyatında soyqırımı" mövzusunda məruzə ilə çıxış edib. O, bu cür tarixi hadisələrin ədəbiyyatda bir qədər diqqətdən kənar qaldığını bildirib və XIX əsrin sonu XX əsrin əvvələrini Azərbaycan tarixinin keşməkeşli bir dövrə təsadüf etdiyini vurğulayıb. Tədbir seminar iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.