XƏBƏRLƏR

ADU-da 31 Mart azərbaycanlıların soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib

30 mart, 2018
Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) nəzdində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş “Milli istiqlal mübarizəsi tarixində 31 Mart soyqırımı” adlı tədbir keçirilib. Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə azərbaycanlılara qarşı törədilən qanlı hadisələrdən söz açıb. 31 Mart – azərbaycanlıların soyqırımının baş vermə səbəbləri haqqında danışan A.Yusifzadə tədbirin ermənilərin azərbaycanlılara qarşı yürütdüyü etnik təmizlənmə siyasəti nəticəsində həlak olan çoxlu sayda həmvətənlərimizin əziz xatirəsinə həsr olunduğunu qeyd edib. O, 26 mart 1998–ci ildə Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə bu qanlı tarixin Azərbaycan Respublikasında dövlət səviyyəsində hər il yad edildiyini vurğulayıb. Tədbirdə iştirak edən Milli Məclisin deputatı, politoloq Çingiz Qənizadə Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması haqqında məlumat verib. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən bu qırğının araşdırılması, beynəlxalq hüquqi qiymət verilməsi istiqamətində Azərbaycan hökümətinin mühüm addımlar atdığını qeyd edən Ç.Qənizadə Tarix İnstitutunun son 200 ildə Azərbaycan xalqına qarşı törədilən faciələrə dair tarixi faktların araşdırılması üçün münbit şərait yaradıldığını söyləyib. O, ölkə ərazisində kütləvi surətdə qətlə yetirilən dinc əhali, yandırılmış kəndlər, dağıdılıb məhv edilmiş milli mədəniyyət abidələrinin statistik göstəricilərini və digər tarixi, siyasi faktları diqqətə çatdırıb. Tədbir mövzuya dair müzakirələrlə yekunlaşıb. *** Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Fəridə Şükürova və müəllimi Fəxriyyə Zahidovanın təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə kafedranın əməkdaşları, həmçinin Təhsil fakültəsinin 301a, 301b, 325b qrup tələbələri iştirak edib. Tədbirdə 31 Mart - Azərbaycanlıların soyqırımının baş vermə səbəbləri və nəticələr haqqında müzakirələr aparılıb, Azərbaycanın milli qəhrəmanları yad edilib. *** Martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib. Milli Məclisin deputatı Qənirə Paşayeva mövzu ilə bağlı mühazirə deyib. Bu soyqırımı dünyaya çatdırmağın başlıca vəzifəmiz olduğunu bildirən Q.Paşayeva “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir çox ölkələrə haqq səsimizi duyura bildiyimizi qeyd edib. O, vətən üçün yaşamaq hüququndan imtina edib canını qurban vermiş qəhrəmanlardan danışıb, millətin başına gələn qanlı hadisələrdən, onların çəkdiyi iztirablardan söhbət açıb. Tariximizi dərindən bilməyin vacibliyindən danışan Q.Paşayeva millətin başına gələnləri faktlarla digər ölkələrə tanıtmağın əhəmiyyətini vurğulayıb. Q.Paşayeva bildirib ki, ermənilər qondarma soyqırımı il bağlı yalan məlumatlar yayırlar, dayanmadan təbliğat aparırlar. O, tarixi bilmədən yalana qarşı mübarizə aparmağın mümkün olmadığını qeyd edib. Soyqırımı ilə bağlı həqiqətlərin sosial şəbəkələr vasitəsi ilə dünya xalqlarına çatdırılmasının əhəmiyyətini vurğulayan Q.Paşayeva bu nöqteyi-nəzərdən cəbhə xəttində, sərhədləri qoruyan əsgərlərlə yanaşı, virtual əsgərlərin də gənclər olduğunu deyib. Q.Paşayeva ölkəmizin istiqlalı üçün daim millətinin yanında olan, onları maarifləndirməyə xidmət edən ziyalılardan danışıb. Daha sonra Q.Paşayeva tələbələri maraqlandıran sualları cavablandırıb. *** Martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Təhsil fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının Təhsil fakültəsinin III kurs tələbələri ilə birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş “Tariximizi unutmayaq” adlı dəyirmi masa keçirilib. Fakültənin tələbələri 31 Mart azərbaycanlıların soyqırımı haqqında Azərbaycan və fransız dillərində ətraflı məlumat verib. Rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev 31 Mart soyqırımına həsr olunmuş tədbiri yüksək qiymətləndirib. O, bildirib ki, tədbirin təşkilində tələbələrin birbaşa iştirakı onların bu faciəni daha yaxşı mənimsəməsinə səbəb olur. O, bu tədbirdə qeyd olunan faktları gələcəkdə övladlarına da öyrətməyi tövsiyə edib. Kafedra müdirinin müavini Gülnarə Sadıxova tədbirin təşkilində əməyi keçən şəxslərə təşəkkürünü bildirib. Vətənpərvərliyin universitetdən başladığını bildirən G.Sadıxova savad və biliklə azərbaycanlıların ermənilərdən üstün olduğunu sübut etməyin mümkünlüyündən danışıb. O, tələbələrdə Azərbaycanı fransız dilində yüksək səviyyədə təbliğ etmək üçün yüksək potensial olduğunu söyləyib. G.Sadıxova bu tarixin heç vaxt unudulmayacağını qeyd edib. Kafedranın baş müəllimi Kəmalə Kərimova tədbirin ərsə gəlməsində tələbələrin xüsusi rolunu qeyd edərək təşkilatçılıqda dəstək olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra soyqırım və baş vermə səbəbləri haqqında müzakirələr aparılıb. *** Martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Beynəlxalq münasibətlər, Qafqazşünaslıq kafedraları və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “31 Mart soyqırımı azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə mövzu ilə bağlı fikirlərini bildirib, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova “Azərbaycana qarşı soyqırım siyasətinin tanıdılması istiqamətində fəaliyyət”, Qafqazşünaslıq kafedrasının dosenti Şəlalə Bağırova “31 Mart soyqırımının səbəbləri və nəticələri” ilə bağlı məruzə ediblər. Daha sonra fakültənin 103b qrup tələbələri Aytac İslamova “Tariximizin faciəli səhifəsi” və Vüsalə Məmmədova “31 Mart soyqırımı-xalqımızın qan yaddaşımızdır” mövzularında çıxış ediblər.