XƏBƏRLƏR

ADU-da “Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları” adlı dəyirmi masa keçirilib

29 mart, 2018
Martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası, Xarici ölkələr ədəbiyyatı kafedrası, Azərbaycan ədəbiyyatı kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Həmidə Əliyeva rəhbərlik etdiyi laboratoriyanın əsas məqsədinin Azərbaycan xalqının ana kitabı olan “Kitabi-Dədə Qorqud” eposu ilə dünya xalqlarının, xüsusilə Qərbi Avropa xalqlarının epik ənənəsini müqayisəli-tipoloji şəkildə öyrənməkdən ibarət olduğunu deyib: “Azərbaycanda “Kitabi- Dədə Qorqud” və German xalqlarının məşhur “Nibelunqlar haqqında nəğmə” dastanlarının müqayisəli şəkildə öyrənilməsi, tədqiqi istiqamətində ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə böyük layihələr həyata keçirilib. Biz bu layihələrin davamı kimi dünya xalqlarının eposları üzərində təhlil və tədqiqatları davam etdirmək niyyətindəyik”. Daha sonra İranın Pəyame-Nur Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının müəllimi Araz (Abbasəli) Əhmədoğlu dəyirmi masanın təşkil olunmasına görə universitet rəhbərliyi və əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib. O, “Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları” mövzusunun ölümsüzlük və ölümcüllük anlamlarının müqayisəli tədqiqi ilə bağlı olduğunu söyləyib: “İngilis ədəbiyyatı eposu olan “Beovulf” danimarkalılar və geatların qəhrəmanlıq eposudur. Bu epos  Geat qəhrəmanı “Beovulf”un dünya şöhrəti qazanıb krallıq məqamına çatması haqqında epik macəradır, anqlo-saksonların dünyasından kənara çıxmaq gücündə deyil. Ancaq “Kitabi-Dədə Qorqud” abidəsi və bu kitabdakı qəhrəmanların epik macəraları bütün bəşəriyyətə qəhrəmanlığın əsl yolunu göstərir. “Kitabi-Dədə Qorqud” dastanında birinci planda Oğuz xalqına xitab edilməsinə baxmayaraq, bu epos əslində bütün bəşəriyyətə üçün qəhrəmanlıq dərsi və yaşam fəlsəfəsidir”. Sonda Azərbaycan ədəbiyyatı kafedrasının  müdiri, akademik Muxtar İmanov  Araz Əhmədoğlunun tərcümə fəaliyyəti, yazdığı monoqrafiyalardan bəhs edib. M.İmanov  “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarında mifoloji əsaslar, qəhrəmanlıq simvolları, mifologiyada xaos-kosmos münasibətləri barədə ətraflı məlumat verib. Dəyirmi masa mövzu ətrafında sualların cavablandırılması ilə sona yetib.