XƏBƏRLƏR

ADU-da “Beynəlxalq ictimaiyyətdə 31 mart soyqırımı həqiqətləri: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

27 mart, 2018

Martın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası, Fəlsəfə və İctimai elmlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq ictimaiyyətdə 31 mart soyqırımı həqiqətləri: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva XX əsrin əvvəllərinin Azərbaycan tarixində önəmli hadisələrlə zəngin olduğunu bildirib: “1918-ci il martın 30-dan aprelin 3-nə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eyni zamanda Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırım törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib”. S.Əliyeva ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə mart hadisələrinin dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu, Azərbaycan xalqına qarşı törədilən bütün soyqırımı faciələrinin qurbanlarının yad edildiyini sözlərinə əlavə edib.

Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “31 mart soyqırımının təbliği istiqamətində mövcud problemlər və perspektivlər” adlı slayd təqdim edib. O, dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, 31 mart soyqırımının təbliğinin uzun illər gizli saxlanılan həqiqətlərin üzə çıxmasında vacib rolu var.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.