XƏBƏRLƏR

ADU-da Novruz Bayramı qeyd olunub

16 mart, 2018

Martın 15-16-da Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan tədbirlər keçirilib. ADU-nun hər iki tədris binasında keçirilən tədbirlərdə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib.

Universitetin Akt zalında baş tutan tədbirin bədii hissəsində tələbələr musiqili konsert proqramı ilə çıxış ediblər.

ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev novruzu xalqımızın əsrlərdən bəri qeyd etdiyi sevimli bayramlardan olduğunu bildirərək, bayram münasibəti ilə universitetin professor-müəllim və tələbə heyətini təbrik edib, onlara xoş günlər arzulayıb. Ə.Abdullayev Novruz bayramının mənşəyinin qədim olduğunu söyləyərək, novruzu qeyd edən hər bir xalqın bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratdığını vurğulayıb.

Tədbirdə müxtəlif kafedraların hazırladıqları bayram süfrəsi, həmçinin dövlət atributlarının əks olunduğu stendlər nümayiş olunub. Universitet rəhbərliyi, o cümlədən Almaniyanın Vürsburq Universitetinin və ADU-nun professoru, Osvold fon Volkenştayn Cəmiyyətinin prezidenti, ADU-nun Germanistika İnstitunun rəhbəri  xanım Ziglinde Hartmanın iştirakı ilə stendlərə baxış keçirilib,

Universitetdə fəaliyyət göstərən kafedra və mərkəzlər “Novruz Xonçası” müsabiqəsinə qatılaraq, hazırladıqları Novruz sovqatlarını sərgiləyiblər. Universitetin Həmkarlar Təşkilatı tələbə və müəllimlər, həmçinin ADU-nun yataqxanasında yaşayan tələbələr üçün bayram süfrəsi təşkil edib.

Tədbirdə tələbələr xeyriyyə yarmarkası da təşkil edib. Xeyriyyə yarmarkasının təşkilatçıları toplanan vəsaitləri imkansız tələbələrə paylayıb.