XƏBƏRLƏR

ADU-da “Cənubi Qafqazda münaqişələr və böyük dövlətlərin mövqeyi” mövzusunda tədbir keçirilib

16 mart, 2018

Martın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “Cənubi Qafqazda münaqişələr və böyük dövlətlərin mövqeyi” mövzusunda tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə tədbirin mövzusunun əhəmiyyətindən bəsh edərək, tələbələrin maariflənməsinə xidmət edən bu tip tədbirlərin davamlı şəkildə keçirildiyini diqqətə çatdırıb.

Sözügedən kafedranın müəllimi, t.ü.f.d Emil Qasımov çıxışında Cənubi Osetiyada yaranan problemə tarixi aspektdən yanaşaraq, Şərqin və Qərbin məsələni tənzimləməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Kafedranın müəllimi, h.ü.f.d. Mehriban Babaxanova  “Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində həlli” adlı məruzəsində münaqişənin beynəlxalq səviyyədə həlli yollarından, BMT çərçəvəsində qəbul edilən qətnamələrin icra olunmaması səbəblərindən, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və digər mühüm məsələlərdən danışıb.

Kafedranın digər müəllimi Aysel Bağırova Cavaxetiya münaqişəsinin tarixini, inkişafını və hazırkı vəziyyətini təhlil edərək, ermənilərin Gürcüstana köçürülmə prosesindən bəhs edib. O, ermənilərin Cavaxetiyada separatçı fəaliyyətindən danışaraq, Cənubi Qafqazda regional təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb.

Adıçəkilən kafedranın müəllimi Aytən Ramazanova Cənubi Qafqazın siyasi strukturu və geosiyasi  mövqeyini təhlil edərək, regionun geosiyasi, geoiqtisadi, geomədəni əhəmiyyətini və faktorlarını diqqətə çatdırıb. A.Ramazanova Cənubi Qafqazın dünya siyasətində rolunu müxtəlif geosiyasi nəzəriyyələr çərçivəsində analiz edib, regiona təhlükə yaradan problemlərdən də bəhs edib.