XƏBƏRLƏR

ADU əməkdaşları növbəti dəfə Kəlbəcər 1 saylı köçkün məktəbində olublar

15 mart, 2018

Martın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup əməkdaşı Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 1 saylı köçkün məktəbində olublar. Universitetlə orta məktəb əlaqələrini möhkəmləndirmək, şagirdlərin elmə, təhsilə, xarici dil biliklərinin artırılması istiqamətinə həsr olunmuş tədbirdə pedaqoji təcrübə keçən tələbələrlə yanaşı məktəb kollektivi və şagirdlər də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan pedaqoji təcrübə rəhbəri Anar Rəhimov təcrübə proqramının fəaliyyətindən danışıb, şagirdlərlə tələbələr arasında əlaqələrin möhkəmləndiyini vurğulayıb. Daha sonra təcrübəçi tələbə Səkinə Məmmədzadə, ADU-nun Pedaqogika kafedrasının müəllimi Oqtay Abbasov, Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehtiyeva tələbə-şagird əlaqələrinin genişlənməsindən söz açıb, qarşıda duran məqsədləri diqqətə çatdırıblar.

1 saylı köçkün məktəbinin rəsmiləri təcrübə proqramının şagirdlər və kollektiv tərəfindən ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıblar.

Qeyd edək ki, hazırda Azərbaycan Dillər Universitetinin tələbələrinin bir qismi ölkəmizin müxtəlif rayonlarında yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə və müxtəlif təşkilatlarda istehsalat təcrübəsi keçirlər. ADU-nun qaçqın və məcburi köçkünlərə dövlət qayğısına öz töhfəsini vermək üçün  könüllü şəkildə həyata keçirdiyi bu layihə genişmiqyaslı xarakter daşıyır. Universitetlə orta məktəb əlaqələri təkcə təcrübə müddətində deyil,  sonra da davam edəcək və sistemli xarakter daşıyacaq. Daha sonra təcrübənin miqyasının genişləndirilərək kəndləri əhatə etməsi, universitetin orta məktəblərin xarici dil müəllimləri ilə əlaqələrinin yaradılması nəzərdə tutulur.