ADU-da yazılı və şifahi tərcümə üzrə ustad dərsləri keçirilib
Martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbələri üçün yazılı və şifahi tərcümə üzrə ustad dərsləri keçirilib. Dərslər Tərcümə və mədəniyyətşünaslıq fakültəsi və fakültənin 461a qrup tələbəsi Elgün Məmmədovun təşkilatçılığı ilə baş tutub.
Dərslər tərcüməçilərin gözləntiləri, tərcüməçi makretinqi, müasir tərcümənin növləri və tələbləri, bu sahədə atılmalı ilk addımlar, tərcümə terminləri, tərçümədə 10 əsas mərhələ və digər mövzularda keçirilib.
Mövzular barədə tərcümənin şifahi və sinxron növü üzrə tərcüməçi Elnur Hüseynov, yazılı və ardıcıl növü üzrə tərcüməçi Əli Əhmədov danışıb.
Ustad dərslərində tələbələri maraqlandıran suallar cavablandırılıb. Tədbirdə, həmçinin peşəkar tərcüməçilər iştirak edib.
Qeyd edək ki, Elnur Hüseynov və Əli Əhmədov ADU-nun məzunlarıdır. E.Hüseynovun əsas işçi dilləri ispan, rus, ingilis dilləridir, həmçinin fransız-ingilis, ingilis-fransız dillərinə sinxron və ardıcıl tərcümələr edir. O, BMT-nin 14 azərbaycanlı tərcüməçisindən biridir, hazırda Türkiyədə fəaliyyət göstərir. Ə.Əhmədov Əfqanıstanda tərcüməçi kimi çalışıb. Müəyyən vaxtlarda müxtəlif qabaqcıl şirkətlərdə tərçüməçilik edən Ə.Əhmədov ingilis-Azərbaycan, Azərbaycan-ingilis dillərinə yazılı və ardıcıl tərcümələr edir.