XƏBƏRLƏR

ADU-nun professoru Kəlbəcər 1 saylı köçkün məktəbində olub

12 mart, 2018

Martın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev Gəncə şəhərində yerləşən Kəlbəcər 1 saylı köçkün məktəbində olub. Məktəbin pedaqoji kollektivi və şagirdlərinin iştirak etdiyi görüşdə professor “Azərbaycan dilinin saflığını birlikdə qoruyaq” adlı mühazirə ilə çıxış edib. O, qeyd edib ki, dil xalqın tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitədir, ana dilinin saflığını qoruyaraq gələcək nəsillərə çatdırmaq gənclərin ən müqəddəs borcudur.

Sonra Azərbaycan dilçiliyi kafedrasının müəllimi Aynur Səfərli bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, dil hər bir xalq üçün milli sərvətdir və bu sərvəti qorumaq şərəfli peşədir.

Mühazirədən sonra professor müəllim və şagirdlərin suallarını cavablandırıb.

Qeyd edək ki, A.Babayev səfər çərçivəsində Kəlbəcər Şəhər Təhsil İdarəsində də görüşlər keçirib.