XƏBƏRLƏR

ADU-da “Tarix səhnəsində siyasətçi qadınlar” adlı tədbir keçirilib

09 mart, 2018

Martın 9-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və İdaərəetmə fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan “Tarix səhnəsində siyasətçi qadınlar” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan TEC-in sədri Lamiə Muğalova Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu bildirib. O, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq qadınların ictimai aktivliyə gedən yolda bir çox problemlərlə üzləşdiklərini, lakin göstərdikləri əzmkarlıq sayəsində ictimai-siyasi proseslərdə iştirakının artdığını qeyd edib.

Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva universitetdə tələbələrin maarifləndirilməsi istiqamətində TEC tərəfindən təşkil olunan tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini söyləyib. O, qadın siyasətinin müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindən biri olduğunu vurğulayıb. Professor gələcək savadlı nəsillər üçün qadınların öz hüquqlarına bələd olmalarının, onların sosial həyatda fəal iştirakının əhəmiyyətindən danışıb.

Tədbirdə tələbələr “Azərbaycanın ilk diplomat qadını Sara xatun”, “Azərbaycan Respublikasının birinci xanımı və vitse-prezidenti Mehriban xanım Əliyeva”, “Tanınmış millət vəkili Qənirə Paşayeva”, “Azərbayanın görkəmli siyasi xadimi Bahar Muradova” və digər mövzularda çıxışlar ediblər.